BAKI, 15 mart — Sputnik. Böyük Britaniyadan sonra bu dəfə Fransa Rusiyaya qarşı ciddi tədbirlər görməyə qərar verib. Sputnik Azərbaycan "İndependent"ə istinadən xəbər verir ki, bu barədə Fransanın dövlət başçısı Emmanuel Makron danışıb.
O, SSRİ-nin Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsində Rusiyadan şübhələndiklərini bildirib.
"Yaxın günlərdə Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər görüləcək" – Makron deyib. Prezident görüləcək tədbirlərin nədən ibarət olduğu haqda isə heç nə danışmayıb.
Xatırladaq ki, SSRİ Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya martın 4-də İngiltərədə ticarət mərkəzinin yaxınlığındakı skamyada tapılıb. Xəstəxanada onlara zəhərlənmə diaqnozu qoyulub. Britaniya hökuməti polkovnikin zəhərlənməsini sui-qəsd cəhdi kimi qiymətləndirib və bunun arxasında Rusiyanın ola biləcəyini açıqlayıb. Hadisə səbəbilə 23 rus diplomata Londondan çıxma göstərişi verilib. Onlara İngiltərəni tərk etmələri üçün 1 həftə vaxt tanınıb.
Rəsmi Moskva isə bütün iddiaları rədd edib.