BAKI, 15 mart — Sputnik. Dünyanın ən xoşbəxt ölkələri reytinqində Ermənistan 129-cu yeri tutub. Bu ölkə 2017-ci illə müqayisədə öz mövqelərində 8 pillə geriləyib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat BMT-nin Beynəlxalq Tədqiqat Qrupunun hazırladığı dünya xalqlarının rifah vəziyyəti ilə bağlı "Dünya Xoşbəxtlik Hesabatı — 2018" adlı illik hesabatında qeyd olunub.
Tədqiqat dünyanın 156 ölkəsi arasında həyat tərzi, sosial dəstək və korrupsiya kimi göstəricilər əsasında aparılıb.
Qonşu Gürcüstan Ermənistandan cəmi bir pillə yuxarıdadır və 128-ci yeri tutur. Regionun digər ölkələrinin yerləşdiyi pillələr isə belə sıralanır: Azərbaycan — 87, İran — 106, Türkiyə — 74, Rusiya 59-cu yerdə qərarlaşıb. Rusiya ötən illə müqayisədə 13 pillə geriləyib.
MDB məkanının ən "xoşbəxt" ölkəsi Özbəkistandır. O, xoşbəxtlərin siyahısında 44-cü yeri tutur. Ən bədbəxt ölkə isə Ukraynadır (138-ci yeri tutur).
Dünyanın ən xoşbəxt ölkəsi Finlandiyadır. O, öz qonşusu Norveçi 2-ci sıraya “itələyib”. "Xoşbəxt ölkələr"in ilk onluğunda daha sonra bu ölkələr yer alır: "Danimarka, İslandiya, İsveçrə, Niderland, Kanada, Yeni Zelandiya, İsveç və Avstraliya.
Dünyanın ən bədbəxt ölkəsi kimi isə 2018-ci ildə Afrikanın Burundi Respublikası qəbul olunub.