BAKI, 14 mart — Sputnik. Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib. Sputnik Azərbaycan FHN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, müraciətdə deyilir:
"Hər birimiz üçün əziz olan Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilmək vacibdir:
— bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;
— tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;
— tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;
— tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;
— yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
Unutmayın: Qaydalara biganəlik — həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!"