CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda 15 yaşlı dahi peyda olub - "Ginnesin Rekordlar Kitabı"na müraciət

© Sputnik / Irade JELILVaqif Rüstəmov
Vaqif Rüstəmov - Sputnik Azərbaycan
Abunə olmaq
"İki aylıq kursdan sonra mən 20 min söz oxuya bilirdim"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 13 mart — Sputnik. Bir dəqiqədə 20 mindən çox söz oxumaq… Düzdür qulağa inanılmaz gəlir, amma bu, mümkündür. Sürətli oxumaq mövzusunda bir çox tanınmış xarici şirkətlərdə bununla bağlı seminarlar keçirilir, insanlar sırf sürətli oxumaq vərdişinə yiyələnmək üçün kurslara yazılır.

Sputnik Azərbaycan-ın qonağı olan 15 yaşlı Vaqif Rüstəmov da belələrindəndir. O, Masazırda yerləşən 2 saylı orta məktəbdə təhsil alır. Sürətli oxumaq bacarığına isə kursda yiyələnib.

Dediyinə görə, sürətli oxu bacarığına həvəs onda 2015-ci ildən yaranıb: "Türkiyə telekanallarında yayımlanan şouların birində iştirakçı bir dəqiqədə çox sayda söz oxuyurdu. O zaman qarşıma məqsəd qoydum ki, mən bu oğlandan daha çox söz oxuyacağam. Sonra valideynlərim məni kursa yazdırdı. İki aylıq kursdan sonra 20 min söz oxuya bilirdim".

© Sputnik / Irade JELILVaqif Rüstəmov
Vaqif Rüstəmov - Sputnik Azərbaycan
Vaqif Rüstəmov

V.Rüstəmov, həmçinin dərs əlaçısıdır. O, bütün dərslərini vaxtından əvvəl mənimsəyir, məktəbdə sinif yoldaşlarından seçilir. Hazırda 8-ci sinifdə oxusa da, demək olar ki, 11 illik tədris proqramını bitirib. Buna görə də, mümkün olacağı təqdirdə, 9-cu sinifdən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanında özünü sınamağı düşünür.

Vaqif deyir ki, sürətli oxumağı öyrəndiyi kursda onunla rəqabət aparacaq kimsə olmayıb: "Kursa əmim oğlu və dayım oğlu da mənimlə birgə gedirdi. Onlar iki ayda 2 min söz mən isə, 20 min söz oxuya bildim. Hazırda 20 mindən çox söz oxuyuram".

Vaqifin arzusu "Ginnesin Rekordlar Kitabı"na düşməkdir. Buna görə o, hər gün məşq edir və söz oxuma sürətini artırır: "Valideynlərim "Ginnesin Rekorlar Kitabı"na düşməyim üçün müraciət edib. Ancaq bizə hələ cavab gəlməyib. İstəyirəm, universitetə daxil olum və insanları inandıra bilim ki, mən sürətli oxuyuram".

V.Rüstəmov qeyd edir ki, sürətli oxuma üçün metronom texnikasından istifadə edir: "Gözləri oynatma, sağa-sola, yuxarı-aşağı baxma, barmaq izləmə metodu ilə oxumağı inkişaf etdirirəm. Hansı kitabı oxuyuramsa, yadımda qalır. Amma müəllimlərim deyir ki, yaşıma uyğun kitablar oxuyum. Bu, beynimin inkişafı üçün önəmlidir. Özümə uyğun olmayan ədəbiyyatları oxuyanda başa düşə bilmirəm. Yaşıma uyğun kitabları oxuyanda isə yadımda qalır".

Hazırda Vaqif gündə 3-4 kitab oxuya bilir. Deyir ki, bir kitabı 20 dəqiqəyə oxuyub bitirə bilir və oxuduqları yaddaşında qalır.

V.Rüstəmov diplomat olmaq, vətəninə xidmət etmək arzusundadır: "Mənim bu bacarığa yiyələnməyimdə dayımın da böyük rolu olub. Dayım Xalid Məhəmmədov işinin peşəkarı olan diş həkimidir. Hər zaman stomatologiya sahəsindəki yenilikləri öyrənir, öz işində tətbiq edir. Mən də onun kimi seçəcəyim sahənin peşəkarı olmaq istəyirəm. İnanıram ki, Azərbaycanı layiqincə təmsil edən diplomat olacağam".

© Sputnik / Irade JELILVaqif atası Bəxtiyar Rüstəmovla
Vaqif atası Bəxtiyar Rüstəmovla - Sputnik Azərbaycan
Vaqif atası Bəxtiyar Rüstəmovla

Vaqifin atası Bəxtiyar Rüstəmov da oğlunun "Ginnesin Rekordlar Kitabı"na düşməsini arzulayır. Dediyinə görə, bunun üçün müraciət etsələr də, onlara bildirilib ki, həmin kitaba düşmək 18 yaşından sonra mümkündür. Rüstəmovlar ailəsi övladlarının təhsili üçün əllərindən gələni əsirgəmir və bu istedadın ona uğur gətirəcəyinə inanırlar.

Qeyd edək ki, Vaqif Rüstəmov sürətli oxu bacarığını bizə də əyani şəkildə nümayiş etdirdi. O, Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanından 1 dəqiqə ərzində 35 səhifə oxuya bildi.

Xəbər lenti
0