BAKI, 12 mart — Sputnik. Martın 18-də ilk peşə ixtisas təhsili müəssisələrinin məzunlarının tam orta təhsil səviyyəsi üzrə (11-ci sinif) buraxılış imtahanı keçiriləcək. Sputnik Azərbaycan bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən istinadən xəbər verir.
Məlumata görə, martın 18-də Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı rayonlarının, həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi orta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsi keçiriləcək.
Buraxılış imtahanında iştirak edəcək şagirdlər bu LİNKdən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.
Çap üçün kompüterə "Adobe Reader" proqramı quraşdırılmalıdır və brauzerin "Pop-up blocked" sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləmək olar.