CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan prezidenti jurnalistlərə təbrik məktubu ünvanlayıb

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Sputnik Azərbaycan
Abunə olmaq
Təbrik məktubunu Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov oxuyub

BAKI, 10 mart — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan jurnalistlərinin VII qurultayının iştirakçılarına təbrik məktubu ünvanlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, qurultayda təbrik məktubunu Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov oxuyub.

Prezidentin Azərbaycan jurnalistlərinin VII qurultayının iştirakçılarına ünvanladığı təbrik məktubunda deyilir: “Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyi əldə edildikdən sonra ölkəmizdə azad, demokratik mətbuatın təşəkkülü üçün geniş imkanlar açılıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin səyləri nəticəsində söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb, kütləvi informasiya vasitələrinin fəaliyyətini nizamlayan mükəmməl qanunvericilik bazası formalaşdırılıb, redaksiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, mətbuat — hakimiyyət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyulub.

İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda iştirak edib - Sputnik Azərbaycan
CƏMİYYƏT
Prezident İlham Əliyev onların xidmətini xüsusi qeyd etdi

Azərbaycanda demokratikləşmə prosesinin təzahürü olaraq 2003-cü ildə jurnalistlərin I qurultayında mətbuatın özünü tənzimlənmə funksiyasını yerinə yetirən Mətbuat Şurasının yaradılması media ilə dövlət və cəmiyyət arasında münasibətlərdə keçid dövrünün başa çatması və yeni keyfiyyət mərhələsinin başlanması kimi qiymətləndirilə bilər. Ötən 15 ildə Mətbuat Şurası ölkədə söz və məlumat azadlığının inkişafı, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi və müstəqilliyinin gücləndirilməsi ilə bağlı səmərəli təklifləri ilə çıxış edib. Mətbuat Şurası dövlət orqanları və vətəndaşlarla mətbuat arasında münasibətlərin tənzimlənməsi, jurnalistlərin hüquqlarının müdafiəsi, peşəkarlığının artırılması, mediada neqativ halların aradan qaldırılması sahəsində ciddi səylər göstərib. Bu gün ardıcıl və məqsədyönlü fəaliyyəti ilə seçilən Mətbuat Şurası Azərbaycanın aparıcı ictimai təşkilatları sırasında özünə layiqli yer tutub və cəmiyyətdə böyük nüfuz qazanıb. Jurnalistlərin mütləq əksəriyyətinin Mətbuat Şurasının fəaliyyətini yüksək qiymətləndirilməsi bunun əyani sübutudur. Hazırda güclü iqtisadi və maliyyə potensialına malik Azərbaycanda hər bir sahənin, o cümlədən də kütləvi informasiya vasitələrinin inkişafına hərtərəfli dövlət dəstəyi həyata keçirilir. Təsadüfi deyil ki, dünya miqyasında milli informasiya resurslarımızın çəkisi getdikcə artır, rəqabət qabiliyyəti yüksəlir. Düşünürəm qlobal şəbəkənin genişləndiyi və transmilli medianın ayrı-ayrı ölkələrin daxili həyatına, beynəlxalq nüfuzuna ciddi təsir göstərdiyi müasir dövrdə Azərbaycan kütləvi informasiya vasitələri daha fəal və prinsipial olmalı, yüksək peşəkarlıq nümayiş etdirərək milli maraqlarımızı hər şeydən uca tutmalı, cəmiyyətimizin tərəqqisi naminə öz qüvvə və bacarıqlarını əsirgəməməlidir. İnanıram ki, VII qurultay Azərbaycan mətbuatının hazırkı vəziyyəti və perspektivi ilə bağlı səmərəli müzakirələrin keçirildiyi mühüm platformaya çevriləcək və milli jurnalistikamızın gələcək inkişafına dair əhəmiyyətli qərarlar qəbul edəcək. Bu yolda hər birinizə, bütün Azərbaycan jurnalistlərinə möhkəm can sağlığı və qurultayın işinə uğurlar arzulayıram”.

Xəbər lenti
0