BAKI, 10 mart — Sputnik. "Ailənizə rəva görmədiyiniz məsələni cəmiyyətə yaymayın, əksinə, belə edənlərə qarşı cəbhə açmalısınız". Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycan jurnalistlərinin VII qurultayının yekununda çıxış edən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
O qeyd edib ki, ölkədən qaçan bəzi şəxslər bu gün Azərbaycanın simvollarını təhqir edirlər: "Həmin şəxslər xaricdə olduqları ölkənin pasportlarını alaraq, Azərbaycana qarşı təlimatlandırılırlar. Xarici ölkələrin müvafiq orqanları qarşısında öhdəlikləri olanlar Azərbaycan dövlətinə qarşı çirkab yağdırırlar.
Azərbaycan mətbuatında isə bir susqunluq var. Buna jurnalistlər xüsusi diqqət etməlidir. Mətbuat milli dəyərlərimizi, milli simvollarımızı müdafiə etməlidir. Azərbaycanı təhqir edən insanlardan valideynləri də imtina ediblər. Həmin adamlar "Facebook"un imkanlarından istifadə edərək, Azərbaycana qarşı irinli çirkab yağdırırlar. Nəyə görə öz dövlətinin milli sərvətindən pay almaq qəbahət hesab olunmalıdır? Həmin adamlara qarşı müqaviməti ilk olaraq media göstərməlidir".
"Nə qədər ki cəmiyyət var, insanlıq var, həyat var, həmişə opponentlər də olacaq, sadəcə olaraq, onlara opponent kimi baxın, çalışın onların sizə hansı formada öz fikirlərini, nifrətlərini ifadə etməsindən asılı olmayaraq, siz öz xarakterinizdən çıxış edərək Azərbaycan xalqına, jurnalistinə uyğun bir formada cavab verin və öz haqqınızı qoruyun. Kənar təsirlərə məruz qalmayın, istər bu dövlət olsun, istər ayrı-ayrı sizə oponentlik etmək istəyən həmkarlarınız olsun və yaxud da, xaricdəki, daxildəki anti-Azərbaycan dairələr olsun" – deyə Həsənov qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanda jurnalistika ilə hakimiyyət arasında tərəfdaşlıq mühiti yaranıb: "Baxın, bu gün sizi ittiham edənlər özləri hansı mənbədən maliyyələşirlər. Mən elə buradan müxalifət partiyalarına üzümü tuturam. O müxalifət partiyaları ki, bu gün Azərbaycanın qanunları çərçivəsində parlamentə seçiliblər, dövlət büdcəsindən öz qanuni maliyyələşmə haqlarını alıblar, bunun nəyi pisdir? Amma o partiyalar ki, mənbəyi bu gün heç kimə bəlli deyil və sizin gözünüz qarşısında da hamıdan yaxşı yaşayırlar, hamıdan yaxşı təmin olunublar, övladları, özləri dövlətin daxilində və xaricində kifayət qədər yüksək təminatlı həyat sürürlər, onların sizi tənqid etməyə, ittiham etməyə haqları yoxdur. Onların haqsız olduğunu cəmiyyətə siz jurnalistlər çatdırmalısınız".
Mətbuat Şurasının reket nəşrlərlə bağlı "qara siyahı" hazırladığını xatırladan Ə. Həsənov reket nəşrlərdə çalışanları doğru yola dəvət edib: "Olan və olmayan kompromatları toplayıb insanları şantaj etmək yaxşı hal deyil. Bu işin axırı yoxdur. Siz özünüzü təhdid etdiyiniz insanların yerinə qoyun. Mən o insanlarla mübarizə aparmıram, onları doğru yola çağırıram. Mətbuat Şurası qəbul etdiyi etik normaları müdafiə etməlidir. Hesab edirəm ki, "Mətbuat Şurası haqqında" qanun qəbul edilməsinin zamanı çatıb".
Həsənov həmçinin bildirib ki, bəzən reket jurnalistlər onu da təhdid edirlər.
"Deyirlər ki, Əli Həsənov çörəyimizə bais olur. O insanları doğru yola dəvət edirəm. Olan və olmayan kompromat toplayıb insanları şantaj etmək yaxşı bir hal deyil. Bu işin axırı yoxdur. Siz özünüzü təhdid etdiyiniz insanların yerinə qoyun. Mən o insanlarla mübarizə aparmıram, onları doğru yola çağırıram".
Həsənov onu da qeyd etdi ki, Mətbuat Şurasının "qara siyahı"sında olan media orqanlarının əməkdaşlarının adları mənzil alan şəxslərin siyahısına da daxil edilməyəcək.
Prezidentin köməkçisi partiyaların dövlətdən dəstək almasına etiraz edilməsinin də düzgün olmadığını qeyd edib: "Təminatı olan siyasi partiyaların parlamentdə təmsil olunaraq, dövlətdən dəstək alan partiyaları ittiham etməyə haqları yoxdur".