BAKI, 9 mart — Sputnik. Avropa Parlamentinin (AP) nümayəndələri Azərbaycan və Rusiyada keçiriləcək prezident seçkilərini müşahidə etməyəcəklər. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Avropa Parlamentinin yaydığı press-relizdə bildirilir.
Burada qeyd olunur ki, AP seçkiləri müşahidə etməyəcəyi üçün proses və daha sonra elan olunacaq nəticələrlə bağlı hər hansı şərh verməyəcək: "AP-nin heç bir üzvünə seçkiləri müşahidə etmək və seçki prosesini şərh etməklə bağlı rəsmi mandat verilməyib. Buna görə də AP-nin hər hansı üzvü seçkiləri müşahidə edərsə, bunu öz təşəbbüsü ilə etmiş olacaq və bu halda o, AP-nin adından danışmamalı və ya fəaliyyət göstərməməlidir".
Avropa Parlamenti Azərbaycanla münasibətlərinə dair yay tətilindən öncə plenar iclas zamanı hesabat qəbul edəcək. Bu hesabat AP-nin seçkilər mövzusunda rəsmi mövqeyini əks etdirəcək.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 18-də, Azərbaycanda isə aprelin 11-də keçiriləcək.