BAKI, 6 mart — Sputnik. "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" qanunun 6-cı maddəsinə (Akkreditasiya attestatı və akkreditasiya nişanı) dəyişiklik edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən, həmin qanuna 6.5-ci maddə əlavə edilib.
Əlavəyə görə, uyğunluğu qiymətləndirən qurumun akkreditasiya olunması barədə attestatın verilməsinə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məbləğdə haqq alınır. 6-cı maddədə deyilir ki, 6.1. Akkreditasiya barədə qərar qəbul edildiyi gündən 2 iş günü müddətində uyğunluğu qiymətləndirən quruma akkreditasiya attestatı təqdim edilir.
6.2. Akkreditasiya attestatı verildiyi tarixdən 3 il müddətində etibarlıdır.
6.3. Akkreditasiya attestatının nümunəsi və akkreditasiya nişanının forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
6.4. Akkreditasiya attestatı akkreditasiya orqanı tərəfindən, akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların reyestrinə daxil edilir. Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Dəyişikliklə 6.5-ci maddə buraya əlavə edilib.
Qeyd edək ki, "Dövlət rüsumu haqqında" Qanunun 30.2-ci maddəsində göstərilir ki, uyğunluğu qiymətləndirən qurumun akkreditasiya olunması barədə attestatın verilməsinə görə ödənilən məbləğin qiyməti 20 manatdır. Beləliklə, fevralın 23-də "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" qanuna edilən dəyişiklik nəticəsində həmin 20 manat dövlət rüsumu ləğv edildi. Bundan sonra həmin rüsumun məbləğini müvafiq icra hakimiyyətinin özü müəyyənləşdirəcək.
Milli Məclisin fevralın 23-də keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Milli Məclisə bir zərfdə daxil olmuş "Patent haqqında", "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında", "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında", "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" və "Dövlət rüsumu haqqında" qanunlara dəyişikliklər edilməsi zərurəti Azərbaycan Prezidentinin "Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 10 fevral 2017-ci il tarixli fərmanından irəli gəlir. Həmin fərmana əsasən ölkəmizdə "Azərbaycan Metrologiya İnstitutu", "Azərbaycan Standartlaşdırma İnstitutu", "Azərbaycan Akkreditasiya Mərkəzi", "Patent və Əmtəə Nişanları Mərkəzi" adlı 4 publik hüquqi şəxs yaradıldığına görə, adı çəkilən qanunlarda nəzərdə tutulmuş bir sıra səlahiyyətlər bundan sonra həmin qurumlar tərəfindən həyata keçiriləcək.
Qanun layihəsində deyilir ki, "Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli fərmanına əsasən akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, uyğunluğun qiymətləndirilməsi (təsdiqi) qurumlarının akkreditasiyasını və bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliyin həyata keçirilməsini təmin edən "Azərbaycan Akkreditasiya Mərkəzi" publik hüquqi şəxsi (Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən) yaradılıb. Həmin fərmanla müəyyən edilib ki, publik hüquqi şəxsin saxlanması və fəaliyyətinin təmin edilməsi həmin fəaliyyətdən əldə olunan gəlirlər (o cümlədən aldıqları kreditlər, qrantlar, texniki yardımlar, işlərin görülməsindən, xidmətlər göstərilməsindən daxilolmalar və s.) hesabına həyata keçirilir.
Qanun layihəsi fərmana uyğun olaraq akkreditasiya orqanının dəqiqləşdirilməsi ("Azərbaycan Akkreditasiya Mərkəzi" publik hüquqi şəxs) və akkreditasiya barədə attestatın verilməsinə görə haqqın müəyyən olunması (ödənişli əsaslarla verilməsi) məqsədilə hazırlanıb.
Qeyd edək ki, akkreditasiya attestatı — uyğunluğun qiymətləndirilməsi fəaliyyətini həyata keçirmək səlahiyyətini təsdiq edən və akkreditasiya nişanından istifadə üçün əsas olan sənəddir.
Uyğunluğu qiymətləndirən qurum – malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun qiymətləndirilməsini təmin edən təşkilatlar, hüquqi və fiziki şəxslərdir.
Dəyişiklik fevralın 23-də keçirilən parlamentin plenar iclasında səsə qoyularaq qəbul edilib.