BAKI, 6 mart — Sputnik. Bakının Binəqədi rayonunda ağlasığmaz seksual təcavüz baş verib. Hadisə ona görə ağlasığmazdır ki, təcavüzü törətməkdə günahlandırılan şəxsin 81, onun qurbanı olan qızın isə 13 yaşı var.
Bu barədə Sputnik Azərbaycan-a Binəqədi rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumata görə, hadisə martın 5-i saat 16:00 radələrində, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Stroy detal küçəsində yerləşən 52 saylı evin qarşısında baş verib.
Bakı şəhər sakini, 1937-ci il təvəllüdlü K.H. 2005-ci il təvəllüdlü N.M.-ya qarşı seksual xarakterli hərəkətlər edib. Təcavüz faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda AR Cinayət Məcəlləsinin 153-cü maddəsi (Əxlaqsız hərəkətlər) ilə cinayət işi başlayıb. Faktla bağlı Binəqədi rayon prokurorluğu araşdırma aparır.
Araşdırma zamanı müəyyən olunub ki, K.H. özünü köməksiz vəziyyətdə göstərib və uşaqdan onu yoldan keçirməsini xahiş edib. Bundan sonra onu yoldan keçirən uşağa təcavüz edib.
Qeyd edək ki, K.H.-ya açılmış cinayət işinə görə, onun ya 2 ilədək azadlıqdan məhrumetmə və ya islah əmək işlərinə cəlb olunma cəzası gözləyir.