Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 5 mart — Sputnik. Masallı polisi silah-sursat oğurlayan şəxsi saxlayıb. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə Masallı Rayon Polis Şöbəsindən məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edilib ki, 14 yanvar 2018-ci il tarixdə Masallı rayonunun Səmidxan kənd sakini Pərviz Səmədov oğurluq məqsədilə öz həmkəndlisi, kriminal aləmdə "Axsaq Ceyhun" adı ilə tanınan Ceyhun Kərimova məxsus yaşayış olamayan evə qanunsuz yolla daxil olub.
Pərviz Səmədov "Axsaq Ceyhun"un evindən 1 ədəd "Kalaşnikov" AKSM markalı avtomat, 1 ədəd RQD-41, 4 ədəd F-1 markalı əl qumbarası (alışdırıcısı ilə bir yerdə), 1 ədəd siqnal tapançası, 3 ədəd, içərisində ümumilikdə 81 ədəd patron olan avtomat darağını oğurlayıb və dayısına məxsus həyətdə olan yarımtikilidə basdıraraq gizlədib.
Masallı RPŞ-nin əməkdaşları istintaq əməliyyat tədbirlərinin davamı olaraq məhkəmə qərarı əsasında Ceyhun Kərimova məxsus evdə axtarış aparıblar. Axtarış zamanı oradan içərisində 30 ədəd 5.45 kalibrli güllə olan 1 ədəd avtomat darağı aşkar edilərək götürülüb. P.Səmədov və C.Kərimov saxlanılıb və onlar törətdikləri əməli etiraf ediblər. Hazırda cinayət işi üzrə istintaq aparılır.