İlham Əhmədov, Sputnik Azərbaycan
BAKI, 4 mart — Sputnik. Qəbələ sakini Ayaz Məmmədov artıq 10 ildir ki, aviamodelçiliklə məşğuldur. O, sözün həqiqi mənasında, hər bir detalına qədər təyyarə hazırlayır. Həmin təyyarə modelləri yanacaqla çalışır, uçuş da həyata keçirə bilir. 15-dən artıq təyyarə hazırlayan usta "Cesna-182 Skylane", "Tricopter", "Nobler" kimi modellərlə sərgilərə də qatılıb.
Gənc və istedadlı modelçi təyyarə maketlərini hazırlamaq texnikasını şagirdlərinə də öyrədir. Bu, onların hafizələrini inkişaf etdirməyə, həmçinin asudə vaxtlarını daha səmərəli keçirmələrinə xidmət göstərir.
Sputnik Azərbaycan-a danışan aviamodelçi bildirib ki, Uşaq Yaradıcılıq Mərkəzinin nəzdində fəaliyyət göstərən bu kursda bir çox problemlər mövcuddur. Hazırda ustanın ən böyük problemi təyyarə modellərini hazırlamaq üçün lazım olan materialların çətinliklə tapılmasıdır. Xüsusilə yanacağın olmaması təyyarə modellərinin uçmasına da çətinlik yaradır.
Ayaz deyir ki, çox çətinliklə bu səviyyəni qoruyub saxlaya bilib. Kursların, eləcə də modellərin dağılıb aradan çıxmaması, onları qorumaq üçün bütün alternativ imkanlara əl atıb.
Usta vurğulayır ki, müəyyən materiallar, yapışqanlar, avadanlıqlar var ki, onları əldə etmək elə də asan deyil: "Respublikada satışı olmayan materialdan biri də balza materialıdır. Bu material təyyarə modellərinin hazırlanmasında istifadə olunan yüngülçəkili materialdır. Əslində, bütün təyyarə modelləri bu materialdan hazırlanmalıdır ki, modellər yüngülçəkili və davamlı olsun. Lakin bu avadanlıqlar olmadığından dülgərlərdən əldə olunmuş əvəzedici materiallardan istifadə olunur. Nəticədə də çəkidə müəyyən problemlər yaranır".
Aviamodelçi əlavə edir ki, ikinci ən böyük catışmazlıq yanacaq məsələsidir: "Hazırlanan kiçik tipli modellər nitro metan tərkibli metanolla işləyir. Onun da regionda olmaması müəyyən problemlər yaradır".
Ayaz Məmmədovun hazırda 5 tələbəsi var. Müəyyən çatışmazlıqlar ucbatından uçuşlar, eləcə də müəyyən işlərin görülməsi təxirə salınıb. Dəfələrlə aidiyyatı qurumlara müraciət etmələrinə, respublika səviyyəsində aviamodel sərgilərində qalib olmasına baxmayaraq, heç bir qurum tərəfindən onların ixtiralarının genişləndirilməsinə şərait yaradılmayıb və mövcud problemləri aradan qaldırılmayıb.