BAKI, 2 mart — Sputnik. İran prezidenti Həsən Ruhani Bakıda Narkoloji Mərkəzdə baş vermiş yanğınla əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İran prezidentinin rəsmi saytında xəbər verilib.
“Bakı şəhərinin mərkəzində baş vermiş yanğında dost və qardaş ölkə olan Azərbaycanın vətəndaşlarından bəzilərinin həyatını itirməsi xəbərindən kədərləndik və narahat olduq. Sizə başsağlığı verir, bu faciəvi hadisə qurbanlarının ailələrinin dərdinə şərik olduğumuzu bildiririk”.
Türkiyə baş naziri Binəli Yıldırım da Bakıda Narkoloji Mərkəzdə baş vermiş yanğınla əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.
B.Yıldırımın məktubunda deyilir:
“Hörmətli Prezident. Bakıda müalicə mərkəzində baş verən yanğında çox sayda Azərbaycan vətəndaşının həlak olması xəbərini böyük kədər hissi ilə qarşıladım. Xalqım, hökumətim adından və şəxsən öz adımdan həlak olanlara Allahdan rəhmət, yaralananlara şəfa diləyirəm. Qardaş Azərbaycanın kədərini ürəyimizin ən dərinliyində hiss edirik. Fürsətdən istifadə edib, Sizə cansağlığı, qardaş Azərbaycan xalqına rifah diləyirəm”.