BAKI, 2 mart — Sputnik. Martın 1-də Bakı Media Mərkəzi İtaliyanın Azərbaycandakı səfirliyi və bu ölkənin Ticarət Agentliyinin birgə təşkil etdiyi “İtaliya Dizayn Günü” tədbirinə ev sahibliyi edib. Tədbirdə İtaliyanın Azərbaycandakı səfiri cənab Augusto Massari, Bakıda yerləşən diplomatik korpus nümayəndələri, Azərbaycan və İtaliyanın müxtəlif brendlərini təmsil edən şirkətlərin rəhbərləri və digər qonaqlar iştirak edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, İtaliyanın qabaqcıl texnologiyalarının təbliğini və müxtəlif sektorlar üzrə İtaliya ilə Azərbaycan arasında əməkdaşlığın qurulması məqsədi daşıyan bu tədbir Mərkəzdə bir gün davam edib və üç hissədə təşkil olunub.
Dəyirmi masa şəklində təşkil olunan birinci hissədə maraqlı tərəflərin iştirakı ilə müxtəlif mövzularda elmi və praktik müzakirə sessiyaları keçirilib.
Tədbirin sərgi hissəsində İtaliya brendi və ticarət markasına aid müxtəlif dizaynlar nümayiş olunub. Bu hissədə mükafat almış arxitektur layihələrin foto- stendləri yer alıb.
Tədbirin üçüncü hissəsində isə İtaliya musiqisi sədaları altında qonaqlara bu ölkənin mətbəxi və şərablarından ibarət nümunələr təqdim olunub.
Qeyd edək ki, Bakı Media Mərkəzi audiovizual məhsulların istehalı ilə məşğul olan aparıcı və innovativ media şirkəti olmaqla yanaşı, bir sıra yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsində də geniş təcrübəyə malikdir. Şirkət buna qədər istər dövlət qurumlarının, istərsə də ayrı-ayrı özəl təşkilatların sifarişi üzrə ən müasir texnologiyalar əsasında çoxsaylı audio-videomateriallar hazırlayıb, tanınmış yayım şirkətləri ilə əməkdaşlıq edərək ölkədə keçirilən geniş miqyaslı beynəlxalq tədbir və idman yarışlarının çəkilişilərini həyata keçirib və Azərbaycanın gözəlliklərinin fotosalnaməsini yaradıb, eləcə də müxtəlif tədbir və sərgilər təşkil edib.
Bakı Media Mərkəzinin son işləri sırasında “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”, “Əbədi ezamiyyət”, “Multikulturalizm İli”nə həsr olunmuş “Bir günəş altında” və s. kimi filmlər yer alır.
Mərkəz haqqında daha ətraflı məlumatı şirkətin www.bakumediacenter.az rəsmi internet saytından, Facebook, Youtube, LinkedIn, İnstagram və Twitter sosial şəbəkələrindəki səhifələrindən əldə etmək mümkündür.