BAKI, 1 mart — Sputnik. Hazırda İtaliyanın Turin şəhərində yaşayan əslən moldovalı blogger Sergey Dobrovolski Sputnik Azərbaycan-la Cənubi Qafqaz səfəri və ziyarət etdiyi Yerevanla bağlı təəssüratlarını bölüşüb.
— Siz Cənubi Qafqazın harasında ola bildiniz? Azərbaycanda olmusuzmu?
— Mən və həyat yoldaşım Azərbaycana məmnuniyyətlə səyahət edərdik. Amma məsələ ondandır ki… Moldova vətəndaşı olduğumdan ölkənizə səfər etmək üçün mənə viza lazım gəlmir. Amma həyat yoldaşıma viza almaq lazım gəlir ki, bu da çətin və bahalı prosesdir.
Cənubi Qafqazla tanış olana qədər, bizim üçün ora Gürcüstandan başlayırdı. Mən internetdəki çarxlara baxmışam və bu ölkə çox xoşuma gəlib. Yoldaşımla İtaliyadan Gürcüstana getmək üçün bizə uyğun qiymətə bilet tapdıq və ora getdik. Həmin vaxt Ermənistan planımızda belə deyildi.
— Bəs necə oldu ki, Ermənistana getdiniz?
— Biz bir müddət Tbilisidə qalandan sonra öyrəndik ki, oradan Yerevana bir gecəyə qatar gedir. Onda bizdə Ermənistanın paytaxtını görmək həvəsi yarandı.
Amma bizim macəramız hələ qatarda ikən başladı. Bu, bələdçiləri ermənilər olan Ermənistan qatarı idi. Məndən ilk olaraq soruşdular ki, biz haradanıq? Mən cavab verdim ki, biz İtaliyadan olan turistlərik, mən Moldovada, həyat yoldaşım isə Litvada doğulub. Qatarda cəmi 3 vaqon vardı və bizim qatarda cəmi 7-8 nəfər olardı. Onların arasında Ermənistana gedən çinlilər də vardı — ikisi kişi, ikisi isə qadın idi.
Bizim hamımıza yataq dəsti verdilər və sonra bu, böyük qalmaqala səbəb oldu. Bələdçilər çinliləri yataq dəstinin içindən dəsmalı oğurlamaqda günahlandırdılar. Bələdçi məndən xahiş etdi ki, çinlilərə ingiliscə deyim ki, əgər onlar dəsmalları qaytarmasalar, 20 avro cərimə olunacaqlar və üstəlik polis çağırmaq lazım gələcək.
Çinlilərdən biri mənə izah etdi ki, onlara dəsmal verilməyib, ona görə də onu geri qaytara bilməzlər. Nəticədə 20 avronu da bələdçiyə vermədilər. Sonra bələdçi məndən xahiş etdi çinliyə deyim ki, heç olmasa, ona 10 avro versinlər. O, növbəti xahişi ilə məni çıxılmaz vəziyyətdə qoyanda isə lap qəzəbləndim. Bələdçi mənə dedi ki, çinlilərdən pulu elə istəyim, elə çıxsın ki, pulu o yox, mən istəyirəm. Bu, çox anormal vəziyyət idi. Mən bundan sonra nəyi isə tərcümə etməkdən imtina etdim. Aydındır ki, bu mənim problemim deyil, amma o çinlilər Ermənistandan öz ölkələrinə hansı təəssüratla qayıdacaqlar?
— Bəs sizin şəhərlə bağlı ilk təəssüratınız necə oldu?
— Biz Yerevan vağzalına çatanda və qatarı tərk edəndə hava hələ qaranlıq idi. Üstəlik bizə əşyalarımızı qoymağa elə bir yer lazım idi ki, onları bütün günü özümüzlə daşımayaq. Mən stansiyanın rəisindən yük saxlama yeri barədə soruşanda, o, bildirdi ki, onların stansiyasında elə yer yoxdur. Biz əşyalarımızı onun kabinetində saxlamalı olduq. Düzdür, bundan əvvəl bizə bir taksi sürücüsü yaxınlaşıb təklif etdi ki, axşama qədər yüklərimizə baxa bilər, amma biz etiraz etdik.
Səhər tezdən, hava hələ işıqlaşmamış vağzalı tərk etdik. Biz vağzalın binasından çıxarkən ilk olaraq tərəvəz satan və bunun üçün fənərdən istifadə edən adamları gördük.
Bu mənim üçün şok idi. Vağzal mərkəzi yerdir. Burada nəinki təkcə işıq yoxdur, həm də adamlar fənər işığında oturur və tərəvəz satırlar. Vağzal, aeroport hər bir ölkənin sifətidir. Məhz bu yerlər ilk təəssüratı yaradır və turistlərin yadında daha çox qalır. Başa düşürəm ki, Ermənistanın pulu yoxdur və onlar hər şeyə qənaət edirlər. Amma qatarlar stansiyaya daxil olduğu müddətdə heç olmasa, yarım saatlıq işıqları yandırmaq bu qədər çətindir?! Heç olmasa, turistlərə görə ki, onlar buna diqqət yetirsinlər.
Sonra biz şəhərin mərkəzinə çatdıq. Onda bizim yeganə istəyimiz qəhvə içmək idi. Bu isə sən demə, Yerevanda problem imiş. Çünki Yerevandakı xidmət müəssisələri saat 11-dən tez açılmır. Bir çoxları bizə deyirlər ki, siz Avropada yaşayırsız və orada hər şey tam fərqlidir. Bilmirəm, ola bilsin, bəlkə də. Amma başa düşmürəm ki, bu necə ola bilər? Saat 11 artıq günün ortasıdır. Bu şəhərə saat 8-də gəlib düşən insan, turist əlbəttə ki, səhər yeməyi yemək, qəhvə, yaxud çay içmək istəyəcək.
— Yerevan memarlıq baxımından özünün necə göstərir?
— Mən öz həyat yoldaşımdan soruşanda ki, "Yerevanı bir sözlə necə ifadə edərdin?", o dedi ki, "bura böyük kənddir". Və o, haqlıdır, orada baxmalı heç nə yoxdur.
Qəhvə axtara-axtara biz Yerevanın ən baxımlı yeri sayılan Böyük Kaskadın (süni şəlalənin olduğu arxitektura kompleksi — red.) yerləşdiyi meydana gəlib çıxdıq. Bu Kaskadın yuxarısına dırmaşdıq və gördük ki, o, hətta heç tamamlanmayıb da. Orada torpaqdan armaturlar, müxtəlif dəmir parçaları boylanır. Biz ayağımızın altına diqqətlə baxaraq yeriyirdik ki, dəmirlərə ilişib yaralanmayaq. Axı bu nəyə lazımdır? Ya onu birdəfəlik bağlayın, ya da normal vəziyyətə gətirin. Yoxsa bunu ən görməli yer kimi təqdim etmək nəyə lazım? Bu ki, lap biabırçılıqdır.
Orada gəzərkən mənə elə gəldi ki, Çernobla düşmüşəm. Hər şey tərk edilib, heç kəs yoxdur. Kaskadla bağlı təəssüratlara onun tikildiyi vaxtdan atılıb qalmış, hər kəs tərəfindən unudulmuş və artıq metal tullantısına çevrilmiş yükqaldıran kran da əlavə olunur. Orada qabarıq nəzərə çarpan əsas şey budur ki, heç kəs heç nəyə görə məsuliyyət daşımaq istəmir.
Müşahidə göyərtəsindən aşağı düşərkən Kaskadın yanındakı parkda iki gözətçi gördük. Onlardan soruşduq ki, buranı mühafizə edirlər? Məlum oldu ki, onlar parkdakı heykəlləri qoruyurlar. Mən onlardan soruşdum ki, axı kimdən? Onlar mənim sualımdan şoka düşdülər və cavab verdilər ki, "adamlar heykəllərin üstündə oturmasınlar, onların üstündən tullanmasınlar deyə bura göz qoyuruq". Mənə isə elə gəlmişdi ki, onlar buranı heykəllərin oğurlanmaması üçün mühafizə edirlər. Görünür, mənim sözüm onların xoşuna gəlmədi və bizimlə söhbəti davam etdirmək istəmədikləri üçün sadəcə uzaqlaşdılar.
Sonra biz bir bar tapdıq. Bar hələ bağlı olsa da, sahibi içəridə idi. Ondan iki qəhvə xahiş etdik. Amma o, bizə kobud cavab verdi. Dedi ki, bizdən ötrü barı saat 11-dən tez açmaq niyyətində deyil. Axırda biz supermarketə getməli olduq. Orada xoşbəxtlikdən qəhvə verirdilər. Yalnız orada qəhvə tapıb içə bildik.
Kaskadla yanaşı biz başqa mərkəzi küçəni də ziyarət etdik. Ora haradasa 300 metr uzunluğunda küçə idi. Görünür yeni idi, yaxud da yenidən bərpa olunmuşdu. Mən orada başqa maraqlı heç nə görmədim.
— Hansısa kuryoz hadisə baş verdimi?
— Bəli, kuryoz hadisə biz Yerevan Konyak Zavodunu ziyarət etməyə gedərkən baş verdi. Bu zavod mərkəzdə yerləşir və ora getmək üçün marşruta minmək lazım gəlir. Mən ora gedərkən sürücüdən soruşdum ki, "sizdə biletsizlər üçün cərimə nə qədərdir?" Tbilisidə də nəzarətçiyə bu sualı vermişdim və o, mənə konkret məbləğ söyləmişdi. Yerevanda isə sürücü dedi ki, "sənin Allahın da, biletin də mənəm". Onda soruşdum ki, "siz mənə bilet verəcəksiz?" Onda o, mənim sualıma sualla cavab verdi ki, "niyə?"
Bu isə onu göstərirdi ki, Yerevanda ictimai nəqliyyatın sürücüləri üzərində nəzarət yoxdur. Hər kəs sərnişinlərdən istədiyi qədər gedişhaqqı ala bilər. Əgər bilet verməyəcəklərsə, necə bilə bilərəm ki, bu gediş mənə neçəyə başa gəlib? Bəs onlar vergiləri necə ödəyirlər?
— Siz Ermənistan paytaxtının sakinləri ilə təmasda ola bildiniz?
— Biz gəzinti zamanı yerli əhali ilə də əlaqə saxlamağa çalışdıq. İstəyirdik bu şəhərin, bu ölkənin nə ilə nəfəs aldığını başa düşək. Əvvəlcə biz mehmanxanada xadimə işləyən qadınla görüşdük. Mən ondan soruşdum ki, "sizdə pensiya nə qədərdir, siz nə qədər alırsız, öz həyatınızdan razısınızmı?" Qadın elə bildi ki, mən onu lağa qoyuram. Sonra bizə danışdı ki, o, burada pensiyaçı olduğu üçün işləyir. Pensiya ilə isə bu ölkədə yaşamaq sadəcə mümkün deyil.
Sonra biz rusdilli müəllimlə tanış olduq. O, bizə bir sıra yerləri, teatrın binasını göstərdi. Bu qadın da dedi ki, Yerevanda təkcə pensiya ilə yaşamaq ümumiyyətlə mümkün deyil. Onun oğlu xaricdə yaşayır. Yalnız oğlunun göndərdiyi pulla qadın burada yaşaya bilir. Onun sözlərinə görə, Yerevanda başda kommunal xidmətlər olmaqla hər şeyin qiyməti çox yüksəkdir.
Gənclərə gəlincə isə biz onlara kömək üçün müraciət edəndə, onlar bizə ümumiyyətlə cavab vermir, üzlərini çevirib gedirdilər. Onlar sadəcə bizi görmürlərmiş kimi davranırdılar.
— Siz Yerevan küçələrində turistlərlə rastlaşırdız?
— Yeri gəlmişkən, hələ bu da var. Mənə təəccüblü gəldi ki, Yerevanda ümumiyyətlə turist yox idi. Daha əvvəl Tbilisidə olanda biz şəhəri gəzərkən çox sayda ingilis, alman, hətta italyan dillərində danışan xariciləri görürdük. Yerevanda isə onlar yox idi.
— Bir sözlə, təəssüratlarınız o qədər də ürəkaçan deyil…
— Bəli, mən sadəcə Yerevanda şok oldum. Ölkə faktiki olaraq 90-cı illərdə qalıb. Əgər mən Afrikaya getsəydim, bu qədər şoka düşməzdim. Artıq 30 ildir müstəqilliyini elan etmiş sabiq Sovet İttifaqı ölkələrini bu vəziyyətdə görmək qəribədir. 30 il ərzində ən azından vağzala işıq lampaları taxmaq olardı.
— Sizin Ermənistan haqqında yaydığınız videoçarxa erməni tərəfinin hansısa reaksiyası oldumu? Onların ölkələrini tənqid etdiyiniz üçün sizi təqib etmədilər ki?
— Əlbəttə, çoxlu neqativlər oldu. Bundan sonra bizə bəslədikləri münasibət mənim qətiyyən xoşuma gəlmədi. İnternetdəki şərhlərimdə heç vaxt ermənləri təhqir etməmişəm, hətta onlara həmişə "siz" deyə müraciət etmişəm. Onlarda belədir ki, suala cavab verə bilməyəndə, dərhal adamın şəxsiyyətinə qarşı hücuma keçirlər.
Yoldaşımın xarici görkəmi və başqa tərəfləri ilə bağlı təhqirə keçəndə, çox narahat oldum. Sanki bunun bizim onların ölkəsinə baxışımızla bağlı hansısa əlaqəsi vardı. Mən elə şeyləri həzm edə bilmirəm. Xanımım isə bu təhqirləri çox ağrılı qarşıladı. O, litvalıdır və bu münasibəti özünə yaraşdırmadı.
Hətta mənə yazdılar ki, "sən niyə öz Moldovana getmədin?" Burada Moldovanın, yaxud Yerevanın məsələyə nə dəxli var? Mən özüm üçün yeni şəhər görmək istəyirdim.
— Müxtəlif ölkələrdən çarxlar hazırlamaq sizin hobbinizdir, yoxsa, bununla peşəkar səviyyədə məşğul olursuz?
— Bu, daha çox hobbidir. Bizim yoldaşımla birlikdə “YouTube-də öz kanalımız var. Orada səyahət etdiyimiz ölkələrlə bağlı öz video-təəssüratlarımızı bölüşürük.
— İtaliyada Cənubi Qafqaz barədə nə düşünürlər? Bu ərazi onlar tərəfindən necə qəbul edilir?
— İtaliyalılara Cənubi Qafqazla bağlı çox az şey məlumdur. Onlara Ermənistan, yaxud da Azərbaycan barədə danışsan, 80% italyan heç bilməyəcək ki, onlar ümumiyyətlə harada yerləşir. Onlar Sovet İttifaqını və Rusiyanı tanıyırlar. Onlara bu ölkələri göstərəndə, elə bilirlər Rusiyanın bir hissəsidir. Onda onlara bunun belə olmadığını izah etmək lazım gəlir.
— Siz indi hara getmək niyyətindəsiz?
— Bizim növbəti səyahətimiz İrana olacaq. Biz Tehran və İran mədəniyyəti ilə yaxından tanış olmaq istəyirik.