Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 1 mart — Sputnik. Azərbaycan Tibb Universitetinin Ümumi gigiyena və ekologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Aydın Məmmədov açıqlama vermişdi ki, yoluxucu xəstəliklərin yayılmasında əsginas və dəmir pulların da rolu var.
Onun sözlərinə görə, bu pullar hər cür yoluxucu xəstəliyi insandan insana keçirə bilər: "Pulların mikroblarla, viruslarla, mikroskopik göbələklərlə çirklənmə təhlükəsi çoxdur".
Sputnik Azərbaycan insanların əsginas və dəmir pullardan hansı xəstəliklərə yoluxma riskinin olduğunu araşdırıb. İnfeksionist Sakit Hümbətov bildirib ki, əvvəlcə pulların dəqiq hansı infeksiya daşıyıcısı olduğu sübut olunmalıdır: "Daha sonra isə bu haqda qərar qəbul etmək olar. Bunun üçün də bir neçə pulun üzərində təcrübə aparmaq lazımdır".
"Mütəxəssislər ancaq epidemioloji infeksiyaları nəzərdə tutaraq bunu deyə bilər. Digər infeksiyaların yayılmasında isə pul və ya digər əşyalar heç bir əhəmiyyət kəsb eləmir. Yəni, real olaraq desək, pulun heç bir qorxusu yoxdur", — infeksionist deyib.
O vurğulayıb ki, xəstəliyə yoluxma riskini azaltmaq üçün başqa əşyalara əl vurduğumuz kimi, pullara da əl vurandan sonra mütləq əlləri yumaq lazımdır: "İnsan elə yaradılıb ki, qeyri-spesifik mübarizə amilləri var. Puldan düzgün istifadə edən insan infeksiyaya tutula bilməz. Ona qalsa, biz gün ərzində bir çox insanlarla salamlaşırıq. Onlar da infeksiya daşıyıcısı ola bilər. Ancaq düzgün gigiyenik qaydalara riayət etmək lazımdır ki, xəstəliklərə tutulmayaq".
Həkim Adil Qeybulla isə vərəm daşıyıcısı olan xəstələrlə bağlı maraqlı fakt açıqlayıb. Deyib ki, əvvəllər vərəm xəstələri qəpikləri ağızlarında saxlayır, sonra yerə atırdılar ki, insanlar bu pulu götürərək vərəmə yoluxsunlar: "Bu da onların psixologiyasında baş verən problemlərdən qaynaqlanırdı".
A.Qeybulla vurğulayıb ki, ümumiyyətlə pul və ya əşyadan yoluxma halları dünyada belə, ciddiyə alınmayan haldır: "Artıq pullardan istifadə get-gedə azalır və kartlar vasitəsi ilə ödəniş edirlər. Ona görə də bu məsələ günü-gündən öz yükünü azaldır".
"Həm də pullar adi kağızdan deyil, xüsusi materialdan hazırlanır. Onlara toz və ya mikrob hopması çətin olur. Bir sözlə, elə də qorxusu yoxdur. Sadəcə olaraq insanlar harasa gedib-gələndə, nəqliyyat vasitəsindən istifadə zamanı, yemək yemədən öncə və sonra əllərini mütləq yuymalıdırlar. Gigiyenik qaydalara riayət olunarsa, heç bir qorxu olmaz", – o qeyd edib.