Ekspertin sözlərinə görə, bu hadisələrin baş verməsində Sovet İttifaqının təhlükəsizlik orqanları (DTK) neytral mövqe tutsa da, bəzən təşkilatçı kimi çıxış edirdi.
“DTK təşkilatçıları axtarmaq istəmirdi. Bəzi ermənilər iddia edirlər ki, bu hadisələr genosiddir, baş verənlərdə Azərbaycan rəhbərliyi də iştirak edib. Ancaq o dövrün sənədləri də göstərir ki, Azərbaycanın o zamankı rəhbərliyi bu hadisələrə nəzarət etmək iqtidarında deyildi. Ona görə də, onlar bu hadisələri təşkil edib rəhbərlik edə bilməzdilər”, — deyə o bildirib.
Qeyd edək ki, İbrahim Məmmədov “Azərbaycana qarşı SUMQAYIT TƏXRİBATI. “Qriqoryanın işi” adlı monoqrafiyanın müəllifidir. Monoqrafiya prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə yazılıb və nəşr olunub. Monoqrafiyanın ön sözünün müəllifi və elmi redaktoru Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir. AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunan kitab 1988-ci il Sumqayıt hadisələrinə həsr olunmuş ilk monoqrafiyadır.
1988-ci il fevralın 27-də Sumqayıtda erməni ekstremistlərin təşkilatçılığı və bir qrup kriminal elementin iştirakı ilə kütləvi təxribat — erməni əhalinin evlərinə basqınlar həyata keçirilib. Eduard Qriqoryanın başçılıq etdiyi basqın və iğtişaşlarda, rəsmi məlumatlara görə, 32 nəfər öldürülmüşdü. Onların bir neçəsini Qriqoryan özü qətlə yetirmişdi.
İbrahim Məmmədovun tam şərhinə audio-faylda qulaq asa bilərsiniz.