BAKI, 28 fevral — Sputnik. "İlin sonuna kimi paytaxta 300-dən çox yeni avtobus gətiriləcək".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktorunun müşaviri Mübariz Abbasov deyib.
BNA rəsmisi jurnalistlərə açıqlamasında qeyd edib ki, bu il ərzində Bakı şəhərində 700-ə yaxın marşrut avtobusu vahid kart sisteminə keçəcək.
"Hazırda bu sistemə 500-ə yaxın marşrut avtobusu qoşulub. İlin sonuna kimi şəhərə 300-dən çox yeni avtobus gətiriləcək. Onlar 21 daşıyıcıya paylanacaq. Bu günə qədər BNA-nın tələbi ilə daşıyıcılar 1 000-ə yaxın avtobusu təmir edib standarta uyğunlaşdırıblar", — deyə BNA rəsmisi bildirib.
M.Abbasov marşrut xətlərinin sayına da aydınlıq gətirib. Əlavə edib ki, BNA yaranana qədər Bakıda 157 marşrut xətti olub ki, optimallaşma nəticəsində bunların sayı 146-ya enib.