BAKI, 28 fevral — Sputnik. Azərbaycanda bir neçə məhkəmə hakimi cəzalandırılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Məhkəmə Hüquq Şurasının iclasında müvafiq qərarlar qəbul edilib.
Şurada qanunvericiliyin tələblərinin pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Samir Mayılovun iş yerinin intizam qaydasında dəyişdirilməsi barədə qərar qəbul edilib, Binəqədi Rayon Məhkəməsinin hakimi Mirheydər Zeynalova töhmət verilib, Nəsimi Rayon Məhkəməsinin hakimi Elman İsayevə irad tutulub, habelə 1 hakim barədə intizam icraatı başlanılıb.
2017-ci ildə səlahiyyət müddəti başa çatmış 130-dan çox hakimin fəaliyyəti qiymətləndirilib, ciddi qanun pozuntularına yol verdikləri aşkar edilmiş 20 hakimin, o cümlədən 7 məhkəmə sədrinin hakimlik səlahiyyətlərinə xitam verilib, 6 məhkəmə sədri və apellyasiya məhkəmələrinin 8 hakimi aşağı işə keçirilib. Yuxarı instansiya məhkəmələrində mövcud olan vakansiyaların komplektləşdirilməsi diqqətdə saxlanılaraq 15 nəfər ali və apellyasiya məhkəmələrinə irəli çəkiliblər.
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər çərçivəsində 12 hakim intizam məsuliyyətinə cəlb edilib, 1 nəfərin hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 1 nəfər intizam qaydasında tutduğu vəzifədən azad olunub, digər tədbirlər görülüb.
İclasda 2018-ci ildə səlahiyyət müddəti başa çatan 100-dək hakimin fəaliyyətinin prinsipial qiymətləndirilməsi məsələləri müzakirə edilib, dövlət başçısının vətəndaşlara qayğılı münasibət göstərilməsi, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi ilə bağlı tapşırıqları vurğulanıb.
Hakimlər tərəfindən etik davranış qaydalarına dürüst əməl edilməsi, antikorrupsiya mədəniyyətinin yüksəldilməsi, hakim adına və nüfuzuna xələl gətirən halların qarşısının alınması üzrə qarşıda duran vəzifələr diqqətə çatdırılıb.
İclasda təşkilati məsələlərə də baxılıb. Belə ki, Ali Məhkəmənin sədri, Şura üzvü Ramiz Rzayevin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar dövlət başçısı tərəfindən yenidən həmin vəzifəyə təyinatının məhkəmə hakimiyyətinə yüksək etimadın təzahürü olduğu vurğulanıb, yeni Şura üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev təqdim olunub, Fikrət Məmmədov yenidən Şuranın sədri seçilib.