BAKI, 28 fevral — Sputnik. Bu sutka ərzində daxili işlər orqanlarının əməkdaşları qanunsuz silah saxlama və daşıma üzrə üç fakt aşkarlayıblar.
Kalaşnikov avtomatı satmağa cəhd edən şəxs aparılan əməliyyat tədbirləri nəticəsində Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a AR DİN-in mətbuat xidməti məlumat verib.
Belə ki, Bayıl qəsəbəsi ərazisində əvvəllər məhkumluğu olmuş Abzər Abzərov saxlanılıb. Üzərində axtarış aparılan zaman ondan 1 ədəd avtomat və 21 patron tapılıb. Abzərov boynuna alıb ki, silahı satmaq istəyirmiş və ona görə də üstündə gəzdirirmiş.
Sabunçu rayonunda isə bu sutka ərzində qanunsuz silah saxlayan və gəzdirən iki nəfər saxlanılıb. 14-cü polis bölməsinin əməkdaşları əvvəllər məhkum olmuş Maştağa qəsəbə sakini İmran Cavadovu saxlayıblar. Əməliyyatçılar Cavadovdan "Naqan" tipli tapança və 3 patron götürüblər.
Kalaşnikov avtomatı və 10 patronla isə əvvəllər məhkum olmuş Balaxanı qəsəbə sakini Bəybala Qarabəyov saxlanılıb.
Hər üç faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.