BAKI, 27 fevral — Sputnik. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 27-də Mingəçevir şəhərinə səfərə gediblər. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, prezident və xanımı ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoyublar. Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov Mingəçevirdə görülən abadlıq-quruculuq işləri barədə prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verib.
Sonra prezident İlham Əliyev 424 MVt gücündə Mingəçevir Su Elektrik Stansiyasının əsaslı yenidənqurmadan sonra istismara verilməsi mərasimində iştirak edib. "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verib. Dövlət başçısı Mingəçevir Su Elektrik Stansiyasını əsaslı yenidənqurmadan sonra işə salıb.
İlham Əliyev Mingəçevir şəhərinin içməli su təchizatı sisteminin istismara verilməsi mərasimində də iştirak edib. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Mingəçevir şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində görülən işlər barədə dövlət başçısına məlumat verib. Prezident Mingəçevir şəhərinin içməli su təchizatı sisteminin istismara verilməsini bildirən düyməni basıb.