Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Banklar şübhə doğuran hesabları donduracaq

© pixabay / JESHOOTSBank kartı
Bank kartı - Sputnik Azərbaycan
Abunə olmaq
"Banklar cinayət yolu ilə əldə olunan pul vəsaitlərin və digər əmlakın terrorçuların əlinə keçməməsi ilə bağlı qanunvericiliyin tələbinə uyğun şəkildə, şübhə doğuran vəsaitlərə blok qoymalıdır"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 26 fevral — Sputnik. Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində yalnız monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər deyil, həmçinin hüquqi və fiziki şəxslər, dövlət qurumları da zəruri tədbirləri görməməyə və ya maliyyə monitorinqi orqanının aktivlərinin dondurulması barədə qərarı icra etməməyə görə inzibati məsuliyyətə cəlb ediləcəklər. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.7-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması) maddəsinə dəyişiklik edilib.

© Photo : From the personal archive of Alesger MamedliHüquqşünas Ələsgər Məmmədli
Hüquqşünas Ələsgər Məmmədli  - Sputnik Azərbaycan
Hüquqşünas Ələsgər Məmmədli

Dəyişikliyə münasibət bildirən hüquqşünas Ələsgər Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu, mahiyyət baxımından banklara yönəlmiş sanksiyadır: "Yəni banklar cinayət yolu ilə əldə olunan pul vəsaitlərinin və digər əmlakın terrorçuların əlinə keçməməsi ilə bağlı qanunvericiliyin tələbinə uyğun şəkildə şübhə doğuran vəsaitlərə blok qoymalıdır. Əgər bu vəsaitlərə blok qoymazlarsa, hesablar üzərində əməliyyatı dondurmazlarsa, o zaman bu məsuliyyət gündəmə gəlir".

Ə.Məmmədlinin sözlərinə görə, burada hüquqi şəxs həm də ona görə deyilir ki, dövlət bankları ilə yanaşı, qeyri-dövlətin kommersiya qurumlarının da bankları var. Kommersiya qurumları da hüquqi şəxslərdir. Hüquqi şəxslər də bu qanunun tələblərini icra etməlidir.

"Yəni sadəcə dövlət bankları deyil, eyni zamanda bu tip monitorinqə düşmüş və müəyyən şübhə doğuran hesabları həm də kommersiya bankları dondurmalıdır. Onlar da bu qanunun tələblərindən irəli gələnləri etmədikləri zaman vəzifəli şəxslər 800 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 8 min manatdan 15 min manatadək inzibati qaydada cərimə olunurlar. Bu məsuliyyət qanundan doğan prosesə nəzarət və icra etməməyə görədir", — o deyib.

Hüquqşünasın fikrincə, burada fiziki şəxs deyəndə, məsul şəxsdən söhbət gedir: "Yəni fiziki şəxs hüquqi şəxsin özü deyil, işi icra edən tərəfdir. Məsələn, bu, hansısa məmurun əlindən keçib, imza atıb, bunu görməyib, ya da görməli idi. Vəzifəli şəxs isə, o əməliyyatın rəhbəri olan, son qərar verən şəxsdir. Hüquqi şəxs də o əməliyyatın baş verdiyi struktur bankdır".

Ə.Məmmədlinin qənaətincə, ümumiyyətlə, Avropada son illər terrorizmin geniş yayılması, xüsusən İŞİD terrorunun çox geniş mənbədə fəaliyyət göstərməsi və eyni zamanda, maliyyələşməsi müəyyən tədbirlərin görülməsini zəruri edib: "Bununla bağlı müəyyən beynəlxalq təşəbbüslər olub və bu çərçivədə hüquqi sənədlər hazırlanıb. Həmin təşəbbüslərdən biri də budur ki, bu sistemə daxil olan ölkələr milli qanunvericiliyində sərt tədbirlər həyata keçirsinlər".

"Yəni pulun mənbəyinin, getdiyi yerin aydın görünməsi, "qara" pulların transferinin və bunun təhlükəli qrupların əlinə keçməsinin qarşısını almaq üçün qanunvericiliyin sərtləşdirilməsi və monitorinq tədbirlərinin sıxlaşdırılması, müəyyən məbləğlərin üzərinə avtomatik olaraq bu monitorinqin gətirilməsi tələb kimi qoyulub", — müsahibimiz bildirib.

"Ona görə də qanunvericiliyin bu formaya salınmasına səbəb son illər beynəlxalq terrorizmin maliyyə mənbələrinin geniş olması, onlayn ödəniş sistemlərindən geniş istifadə edilməsi və bu çərçivədə bankların bir az daha diqqətsiz davranması idi. Dəyişiklik bunun qarşısını almaq məqsədi daşıyır", — deyə o əlavə edib.

Qeyd edək ki, fevralın 13-də keçirilən Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsini şərh edən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, 598-ci maddədə söhbət cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulduğu hallardan gedir: "Məcəlləyə edilən bu dəyişiklik Avropa Şurasının Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) tövsiyəsinin icrası məqsədilə hazırlanıb".

Сотрудники в офисе, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dövlət qurumları və vətəndaşlar qarşısında sərt tələb: Göz yumanlar cəzalandırılacaq

Xatırladaq ki, 2017-ci il 14 aprel tarixində "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanuna edilmiş dəyişikliyə əsasən, bütün fiziki və ya hüquqi şəxslər, o cümlədən monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər, habelə dövlət qurumları terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması üzrə tədbirlər görməli və bu barədə dərhal maliyyə monitorinqi orqanına məlumat verməlidirlər. Layihə qeyd edilən qanunun icra məqsədilə hazırlanıb.

Dəyişikliyə əsasən, yalnız monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər deyil, həmçinin hüquqi və fiziki şəxslər, dövlət qurumları da zəruri tədbirləri görməməyə və ya maliyyə monitorinqi orqanının aktivlərin dondurulması barədə qərarını icra etməməyə görə inzibati məsuliyyətə cəlb ediləcəklər. Bu halda vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər isə 15 min manatdan 25 min manatadək məbləğdə cərimə ediləcəklər.

Bu Məcəllənin 598.1-ci maddəsində nəzərdə tutulmuş xətanın qeyri-hökumət təşkilatı, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliyi, yaxud dini təşkilat tərəfindən törədilməsinə görə vəzifəli şəxslər 800 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər isə 8 min manatdan 15 min manatadək məbləğdə cərimə ediləcəklər.

Bu dəyişiklik Milli Məclisin fevralın 13-də keçirilən plenar iclasında səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0