BAKI, 26 fevral — Sputnik. İraqda İŞİD qruplaşması döyüşçülərinin həyat yoldaşlarına ölüm hökmü kəsilib.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, İraq Mərkəzi Cinayət Məhkəməsinin Türkiyə vətəndaşları ilə bağlı fevralın 25-də verdiyi qərarla 16 qadına ölüm hökmü kəsilib. Hakim Abdul Səttar əl Birqdarın sözlərinə görə, bu qadınlar İraqa İŞİD döyüşçüləri ilə evlənməyə gəldiklərini və terror hadisələrinin həyata keçirilməsində yardım etdiklərini etiraf ediblər. O əlavə edib ki, onların məhkəmənin qərarından etiraz etmək imkanı var.
Fevralın əvvvələrində "Deutsche Welle" məlumat vermişdi ki, İraqda bir alman qadının asılaraq edam edilməsinə qərar verilib.
Xatırladaq ki, 2017-ci il avqustun əvvəllərindən İraqda cinayət məhkəməsi yüzlərlə qadını müahkimə edir. Onlar İŞİD-də döyüşən həyat yoldaşları ilə ölkəyə gəldiklərinə və ya gəldikdən sonra ölkədə ailə qurduqlarına görə mühakimə edilir.