BAKI, 24 fevral — Sputnik. Tovuz rayonunda baş verən yanğında iki nəfər ölüb.
Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, fevralın 24-də səhər saat 9 radələrində rayon mərkəzindəki Mərdən Musayev küçəsində yerləşən, Tovuz şəhər sakini, 1945-ci il təvəllüdlü Fərman Qoca oğlu Məmmədova məxsus ümumi sahəsi 320 kv/m olan 2 mərtəbəli 7 otaqdan ibarət evin birinci mərtəbəsindəki otaqlardan birində yanğın baş verib.
Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub, çarpayı və divandan başlayan yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Araşdırma zamanı ev sahibinin və onun həyat yoldaşı, 1950-ci il təvəllüdlü Pakizə Şəmşəd qızı Mirzəyevanın yanaraq öldüyü məlum olub.
Yanğın nəticəsində onların övladı da xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Yanğının hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.