BAKI, 24 fevral — Sputnik. İsrail hərbçiləri Fələstinin Qəzza bölgəsində ABŞ-ın Qüdslə bağlı qərarına etiraz əlaməti olaraq keçirilən aksiyalarda 22 fələstinlini yaralayıb. Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Qedra bildirib.
Onun sözlərinə görə, 7 fələstinli Jabaliada, 6 nəfər Qəzzada, 5-i Bureijdə, 4 nəfər isə Han Yunus ərazisində yaralanıb.
Qeyd edək ki, artıq bir neçə aydır ABŞ rəhbərliyinin Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməsi qərarına etiraz olaraq Qəzzada etiraz aksiyaları keçirilir.
Xatırladaq ki, Birləşmiş Ştatlar prezidenti Donald Tramp ötən il Qüdsü İsrailin paytaxtı kimi tanıdığını açıqlayaraq İsraildəki səfirliyin Təl-Əvivdən Qüdsə köçürüləcəyini bildirib. BMT Baş Assambleyası ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbuledilməz olması barədə qətnamə qəbul edib. Səsvermənin nəticələrinə əsasən, 128 dövlət sənədin lehinə, 9-u əleyhinə səs verib, 35 dövlət isə bitərəf qalıb. Qətnamənin əleyhinə ABŞ, İsrail, Qvatemala, Honduras, Marşal adaları, Mikroneziya, Nauru, Palau, Toqo səs verib.