Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 23 fevral — Sputnik. Ötən ilin 13 dekabrında düşmən təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin giziri Fizuli Süleyman oğlu Salahovun təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medal bu gün onun övladlarına təqdim edilib.
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil olunan mərasimdə rayon icra hakimiyyəti başçısının 1-ci müavini Mehdi Balabəyov, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsinin rəisi, polkovnik-leytenant Anar Ağabəyov və bölmənin əməkdaşları, şəhidin xidmət etdiyi hərbi hissənin əməkdaşları və ictimaiyyət numayəndələri iştirak edib.
Abdulla Qurbani çıxış edərək ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlərdən, aprelin əvvəllərində cəbhə bölgəsində döyüşlərdə Milli Ordumuzun qazandığı uğurlardan danışıb. Qeyd edib ki, şəhidlərimizin intiqamı həmişə alınıb, bu gün də düşmənlə qarşıdurma xəttində Ermənistan silahlı bölmələrinin təxribatlarının qarşısı qətiyyətlə alınır və təmas xəttində əməliyyat şəraiti Milli Ordumuzun tam nəzarəti altındadır. Aprel döyüşləri bir daha dövlətimizin və Silahlı Qüvvələrimizin gücünü, xalqımızın birliyini və həmrəyliyini göstərib. Xalq Ordusuna güvəndiyi kimi Azərbaycan əsgəri də arxasında böyük xalqın dayandığından daha da ruhlanaraq qarşıya qoyulmuş bütün tapşırıqları layiqincə yerinə yetirir.
Tədbirdə, həmçinin bildirilib ki, F.Salahov 1978-ci ildə Şabranın Gəndov kəndində dünyaya gəlib. Şəhidlik zirvəsinə ucalanadək 20 ilə yaxın Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. Vətənə şərəflə qulluq edən gizir daim öz cəsarəti və igidliyi ilə seçilib. Hərbi xidmətdə fərqləndiyinə görə sağlığında dəfələrlə təltif olunub. F.Salahova "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı Prezident İlham Əliyev cəbhə bölgəsinə səfəri zamanı şəxsən təqdim edib.
Aprel döyüşlərinin də fəal iştirakçısı olan Fizulu Salahov 2017-ci il dekabrın 13-də cəbhənin Füzuli bölgəsində erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə ucalıb.
Çıxışlarda qəhrəmancasına şəhid olmuş Fizuli Salahovun daim xatirələrdə yaşayacağı, onun şərəfli ömür yolunun gənclərə örnək olduğu bildirilib.
Daha sonra şəhidin layiq görüldüyü medal onun övladları Nihat və Nicata təqdim olunub.
Şəhidin atası Süleyman Salahov torpaqlarımızın azadlığı uğrunda canından keçən oğlu ilə fəxr etdiyini söyləyib. Şəhid atası bildirib ki, hər bir Azərbaycan gənci Vətən uğrunda döyüşməyə, torpaqlarımızı düşməndən azad etmək üçün silaha sarılmağa hazır olmalıdır.
F.Salahovun təltif edildiyi medal təqdim olunduqdan sonra mərasim iştirakçıları rayonun Gəndov kənd qəbiristanlığında şəhidin məzarını ziyarət ediblər.