BAKI, 22 fevral — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi İmişli rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.
O bildirib ki, keçirilən reyd zamanı İmişli rayonu Əliyetməzli kəndi ərazisində Kür çayının mühafizə zonasında yaşköküstə 50 ədəd yulğun kolunun kəsildiyi aşkar edilib.
Araşdırma zamanı yulğun kollarının İmişli rayonu Əliyetməzli kəndi sakini Soltan Baxşəliyev tərəfindən kəsildiyi və təbiətə 4000 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib olunub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.