BAKI, 22 fevral — Sputnik. Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması ilə bağlı yeni qəbul edilmiş qanunun icrası "Bakı Metropoliteni" QSC-də xüsusi nəzarətə götürülüb və bununla bağlı ciddi tədbirlər görülür.
Bu barədə Sputnik Azərbaycan-a qurumun Mətbuat xidmətindən məlumat evrilib.
Məlumata görə, qanunun icrasına ciddi əməl olunması məqsədilə “Bakı Metropoliteni”nin müvafiq struktur rəhbərlərinin iştirakı ilə geniş tərkibdə müşavirə keçirilib. Müşavirədə qanunun tələbləri, onun təfsiri və metropoliten obyektlərinə şamil olunması ilə bağlı geniş müzakirələr aparılıb və izahat verilib.
Qanunun tələblərindən irəli gələn vəzifələrin icrasının təmin olunması məqsədilə müşavirənin yekunlarına uyğun olaraq, “Bakı Metropoliteni”nin sədri müvafiq əmr imzalayıb.
Qeyd edək ki, metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda siqaret və elektron siqaretdən istifadə buna qədər də qadağan edilmişdi. 2012-ci il iyunun 29-da qəbul edilmiş "İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunda qaydaya əməl etməyənlərlə bağlı müvafiq qaydada cərimələr də nəzərdə tutulub.
Bununla belə, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanuna uyğun olaraq, “Bakı Metropoliteni”nə məxsus inzibati binalarda və onların həyətlərində, hətta "Nərimanov" elektrik deposu ərazisində və tikinti obyektlərində olan açıq sahələrdə tütün məmulatlarından, o cümlədən qanunun tələblərinə müvafiq olaraq, ona bərabər tutulan yerlərdə siqaret və elektron siqaretdən istifadə qadağan olunub. Tütün məhsullarından yalnız razılaşdırılaraq xüsusi ayrılmış və müvafiq nişanı olan yerlərdə istifadə etməyə icazə verilir.
Bundan başqa, metropoliten stansiyalarında və keçidlərdə, tunellərdə, eskalatorların maşın zallarında xüsusi ayrılmış və razılaşdırılmış yerlərdən başqa, hər hansısa xidməti sahədə, o cümlədən maşinist kabinasında da tütün məmulatlarından istifadə qəti qadağan edilib.
Xatırladaq ki, 2017-ci il dekabrın 1-dən "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun qüvvəyə minib. Həmçinin həmin qanunun tətbiqi ilə əlaqədar ölkə Prezidenti İlham Əliyev 2017-ci il dekabrın 29-da fərman imzalayıb.