BAKI, 22 fevral — Sputnik. Prezident İlham Əliyev fevralın 22-də “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunu imzalayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, qanunda aşağıdakı dəyişikliklər edilib:
Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” hissəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin hissədən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilsin:
“Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı.”.
Maddə 2. “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” təsdiq edilsin.
Maddə 3. “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin.
“Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə
Maddə 1. Təltif edilən şəxslər
“Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı ilə səfərbərlik və həqiqi hərbi xidmətə çağırış işlərinin təşkilində, vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində və vətənpərvərlik təbliğatında göstərdiyi xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının hərbi qulluqçuları, mülki işçiləri və digər şəxslər təltif edilirlər.
Maddə 2. Təltif edən orqan
“Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanı təltif edir.
Maddə 3. Taxılma qaydası
“Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.