BAKI, 19 fevral — Sputnik. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov vəfat edib. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, A.Ələsgərov dünən axşam saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, A.Ələsgərov 1937-ci ilin dekabrın 13-də Bakıda anadan olub. A.Ələsgərov əmək fəaliyyətinə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının "Təchizat və satışı" Respublika Kontoru "Sovnarxozmaşsnabsbıt"nın mühəndisi kimi başlayıb.
Daha sonra o, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının İxtisaslaşdırılmış "Tikinti mexanizasiyası sənayesi" trestində mühəndis, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin Əsaslı tikinti şöbəsinin mühəndisi, Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin Tikintidə yeni texnikanı tətbiq edən trest "Orqtexstroy", layihənin baş mühəndisi, şöbə müdiri, trestin baş mühəndisi, Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 4 №-li Trestinin 42 №-li Tikinti İdarəsinin baş mühəndisi, SSRİ Dövlət Tikinti Komitəsinin "Azərdövlətsənayelayihə" İnstitutunun baş mühəndisinin müavini, "Bakıbaştikinti"nin Layihə — Konstruktor Texnoloji Bürosunun direktoru, Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Dövlət Layihə İnstitutunun direktoru vəzifəsində çalışıb.
A.Ələsgərov 2007-ci ildən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri idi.
Xatırladaq ki, A.Ələsgərov Azərbaycan Memarlar İttifaqının sədri olub, "Şərəf Nişanı" ordeni, "Xalqlar Dostluğu" ordeni, "Şöhrət" ordeni ilə təltif olunub, 1987-ci ildə "Azərbaycanın əməkdar mühəndisi və 2007-ci ildə "Azərbaycanın əməkdar memarı" fəxri adları verilib.