İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 19 fevral — Sputnik. Uzun müddətdir ki, Nəsimi rayonunda sakinlərlə "İDİF" MTK tikinti şirkəti arasında qarşıdurma yaşanır. Tikinti şirkəti binaların həyətyanı sahəsində olan ağacları kəsərək məhv edib və əvəzində yeni tikiləcək binanın bünövrəsi qazılıb. Bu barədə Sputnik Azərbaycan-a Nəsimi rayonu, 4-cü mikrorayon, Əliskəndər İskəndərov küçəsində yerləşən 5 mərtəbəli binaların sakinləri məlumat veriblər.
Ərazi sakini Sədrəddin Bədirxanovun sözlərinə görə, sakinlərin problemi bir müddət öncə başlayıb. Bir neçə ay bundan əvvəl bina sakinlərinin istirahət etdiyi bağ, Nigar Rəfibəyli adına kitabxananın ətrafında çox sayda ağac kəsilərək, məhv edilib. Səbəb kimi isə, sakinlərə bildirilib ki, ərazi dövlət planına düşüb. Orada dövlət tərəfindən park, uşaq meydançası və hovuz tikiləcək. Ancaq bir müddət sonra əraziyə tikinti materialları gətirilib.
"Bu da sakinlərin narazılığına səbəb oldu. Aldadıldığımızı anladıq və məhv edilmiş bağı bərpa etmək məqsədilə 120 Eldar şamı aldıq. Lakin bu dəfə 65 saylı MİS yaşıllığın salınmasına icazə vermədi. MİS-dən bildirildi ki, ərazidə dövlət planı çərçivəsində park salınacaq", — müsahibimiz deyib.
"Əraziyə tikinti materiallarının isə kim tərəfindən gətirildiyi bəlli deyil. Sonra əraziyə özlərini "İDİF" MTK-nın əməkdaşları kimi təqdim edən bir qrup şəxs gəldi və bu ərazinin onların mülkiyyəti olduğunu bildirdi", — deyə Sədrəddin Bədirxanov bildirib.
Şikayətçinin sözlərinə görə, bundan sonra sakinlərlə tikinti şirkəti nümayəndələri arasında qarşıdurma yaranıb və polisin müdaxiləsi ilə qarşıdurmanın qarşısı alınıb: "MİS-in müdaxiləsinə qədər ərazidə 40-a yaxın ağac əkilmişdi və tikinti şirkətinin nümayəndələri bizə ağacları çıxaracaqlarını bildirdilər".
"Həmin gecə 3 ağacı çıxara bildilər. Lakin sakinlər növbə çəkdiyi üçün digər ağaclara toxuna bilmədilər. Bir neçə gün sonra ərazi hasarlandı və çoxmərtəbəli binanın inşasına başlanıldı. Ağır texnika səhərə qədər işləyirdi, səsdən yatmaq da olmurdu. Dəfələrlə etiraz etsək də, bizi dinləyən olmadı", – şikayətçi qeyd edib.
Sakinlərinin sözlərinə görə, əvvəllər sözügedən ərazi zibilxana olub, sonradan sakinlərin səyi nəticəsində ora çox sayda müxtəlif növ dekorativ ağaclar əkilib. Sonradan əraziyə 150-ə yaxın meyvə ağacı da əkilib. Ərazi uzun illər bina sakinlərinin istirahət və gəzinti zonası olub. Ta ki, bir neçə ay əvvələ qədər.
Sakinlər onu da bildiriblər ki, məsələ ilə bağlı bir çox qurumlara müraciət ediblər. Amma təəssüf ki, onları eşidən olmayıb. Ancaq bir müddətdir ki, ərazidə tikinti işləri dayandırılıb. Sakinlər dəqiq səbəbini bilmirlər.
Sputnik Azərbaycan-ın əməkdaşı məsələni araşdırmaq üçün bir neçə qurumla əlaqə saxlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqub Mirzəyev son aylar ərzində ərazidə dəfələrlə araşdırma aparıldığını bildirdi: "Həmin ərazidə aidiyyatı orqanlarla birlikdə araşdırma aparılıb. Heç bir ağac kəsintisinə rast gəlinməyib".
"Əraziyə Bakı Şəhər İcra Hakimiyyəti sərəncam verib, layihə də təsdiqlənib. Ancaq ərazidə heç bir ağac kəsintisinə rast gəlinməyib. Düzdür, ərazi hasara alınıb. Bünövrə qazılıb, tikinti işləri aparılır. Sakinlər bilməlidir ki, torpaq mülkiyyətçiləri, icra hakimiyyətləri var və sərəncamı da verən onlardır. Onlara müraciət etmək lazımdır. Bizim Nazirliyin mövqeyi vahiddir. Qanunsuz ağac kəsənə cərimə tətbiq olunur", — qurum rəsmisi qeyd etdi.
R.Mirzəyev onu da əlavə etdi ki, ağac kəsintisi zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilməlidir: "Amma sakinlər də bilməlidir, ki, ərazidə olan ağaclara bilavasitə torpaq mülkiyyətçiləri məsuliyyət daşıyır. Əgər hər hansı bir ərazidə tikinti aparılırsa, bu, o deməkdir ki, torpaq mülkiyyətçisinin tikinti aparmaq üçün sərəncamı var".
Sözügedən ərazidə tikinti apardığı iddia edilən tikinti şirkətinin məsələ ilə bağlı mövqeyini öyrənməyə çalışdıq. Təəssüf ki, "İDİF" MTK haqqında heç bir yerdən məlumat əldə etmək mümkün olmadı.
Həmçinin məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) də münasibətini ala bilmədik. Nəsimi RİH ilə dəfələrlə əlaqə saxlasaq da, suallarımızı cavablandıran olmadı.
Sputnik Azərbaycan yazıda adı çəkilən tərəflərə fikirlərini ifadə etmələri üçün yer ayırmağa hazırdır.