Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 19 fevral — Sputnik. Azərbaycanda vətəndaşların öz ehtiyat pullarının bir hissəsini "yastıq altında" saxladıqları sirr deyil. Bu vəsait həm milli, həm də xarici valyutada (xüsusən dollarda) saxlanılır. Və bu zaman bəzi gözlənilməz sıxıntılar meydana çıxır.
Sputnik Azərbaycan-ın redaksiyasına gələn şikayətdə bildirilir ki, vətəndaş bankdan aldığı dolları sonradan manata çevirməkdə çətinlik çəkib. Şikayətçi Ülkər Abdullayeva iddia edir ki, Azərbaycanda banklar 1993-cü il istehsalı olan 100 dollarlıq əsginası dəyişməkdən imtina edib.
Onun sözlərinə görə, üz tutduğu "NBC bank", "Express bank", "Kapitalbank", "Unibank", "Bank Respublika" və digərləri vətəndaşlara 1993-cü il istehsalı olan 100 dollarlıq əsginasların ABŞ-da dövriyyədən çıxdığını bəhanə gətirərək onları dəyişməkdən imtina edib.
"Təqribən 1 ay əvvəl Azərbaycan Beynəlxalq Bankı tərəfindən bizə satılmış həmin əsginasları adıçəkilən banklarda dəyişməyə cəhd etdik. Amma banklar qanunsuz olaraq onları dəyişməkdən imtina etdi və bizə bildirildi ki, bu pulu yalnız Beynəlxalq Bankda dəyişə bilərik", — şikayətçi xanım deyir.
"Bir sözlə, heç bir bank həmin dolları qəbul etmədi. Yalnız Beynəlxalq Bankda həmin yüz dolları yenidən manata çevirə bildik. Yaxşı ki, zamanında bunu etdik. Əks halda, həmin dolları dəyişə bilməzdik. Məsələnin səbəbini araşdırmanızı xahiş edirəm", — o qeyd edir.
Sputnik Azərbaycan məsələyə aydınlıq gətirmək məqsədilə öncə Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətinə şikayətlə bağlı sorğu göndərib. Üzərindən neçə gün keçməsinə baxmayaraq, bankdan sorğumuza cavab verilməyib.
Məsələ ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) mətbuat xidmətinə göndərdiyimiz sorğuya isə cavab belə olub: "Qeyd olunan məsələ adları çəkilən banklardan ikisi ilə araşdırılıb. Bankların bildirdiyinə əsasən, 1993-cü il emissiyası olan ABŞ dolları əskinasları banklar tərəfindən qəbul edildikdən sonra digər müştərilərə təkrar satıla bilmir. Bunun səbəbi müştərilərin banklardan bu əsginasları götürməməsidir".
"Bu vəsaitlərin həcmi də çox olmadığından nağd formada xarici ölkəyə daşınması, daşınma xərcləri ilə əlaqədar effektiv deyil. Bundan əlavə, Azərbaycan Respublikasının Mərkəzi Bankı da öz növbəsində banklardan xarici valyuta qəbul etmir. Nəticədə 1993-cü ilin emissiyası olan əsginaslar istifadə edilə bilmədiyi üçün banklarda "ölü" vəsaitə çevrilir. Qeyd olunanlar nəzərə alınaraq, banklar tərəfindən köhnə tarixli emissiya olunmuş əsginaslar qəbul edilmir", — deyə Palatadan bildirilib.
MBNP-dən o da vurğulanıb ki, mövcud qanunvericilikdə manat pul əsginaslarının banklar tərəfindən qəbul edilmə çərçivəsi müəyyən edilib: "Qanunvericilikdə xarici valyutanın banklar tərəfindən qəbul edilməsi ilə bağlı öhdəlikləri isə müəyyən edilir. Bununla belə, "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması" qaydalarında banklar tərəfindən tədavülə yararlı olan valyutanın buraxılış ilinə, keyfiyyətinə və fiziki xassələrinə görə fərqli komisyon haqlarının müəyyən edilməsinə yol verilmir".
Məsələ ilə bağlı Sputnik Azərbaycan-ın sualını cavablandıran bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov deyir ki, bizim bankların xarici valyutanı qəbul etmək vəzifəsi yoxdur: "Yəni bank şərt qoya bilər ki, "mən bu ildən sonra çap olunan pulu alıram". Buna onların hüquqları çatır. Dolların dövriyyədən çıxmasını isə Amerika saytlarından bilmək olar".
Ekspert "Qəbul etmək vəzifələri olmadığı halda, köhnə əsginasları niyə satırlar?" sualımıza isə belə cavab verib: "Bu, başqa məsələdir. Amma yenə də bank deyə bilər ki, "satıram, amma almıram". Çünki qanunda onlara məhdudiyyət qoyulmayıb. Sadəcə qanunda boşluq var. Ona görə də vətəndaşlar xarici valyuta alan zaman diqqətli olmalıdırlar".