CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Turistlərin ölkəmizdən əliboş qayıtmaması üçün ata sənətini yaşadan həvəskar

© Sputnik / Rahim MuradovHəbibov Samirin taxtadan hazırladığı suvenirlər
Həbibov Samirin taxtadan hazırladığı suvenirlər - Sputnik Azərbaycan
Abunə olmaq
Həbibov Samir turistlərin ölkəmizdən əliboş qayıtmamaları üçün taxtadan fərqli suvenirlər hazırlayır

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 18 fevral — Sputnik. Bütün dünyada insanlar hər hansı bir ölkəyə işgüzar səfərə, yaxud da gəzməyə gedərkən həmin ölkədən yadigar olaraq hansısa bir əşya gətirirlər. Əsasən də, getdikləri ölkənin rəmzi sayılan xüsusi suvenirlərə üstünlük verirlər.

Son zamanlar ölkəmizə təşrif buyuran turistlər də qayıdarkən özləri ilə müxtəlif — kirəmit materiallardan, taxtadan və s. materiallardan hazırlanmış müxtəlif suvenirlər aparırlar. Lənkəran sakini Həbibov Samir də turistlərin ölkəmizdən əliboş qayıtmamaları üçün taxtadan fərqli suvenirlər hazırlayır.

© Sputnik / Rahim MuradovSamir Həbibov
Samir Həbibov - Sputnik Azərbaycan
Samir Həbibov

Samir deyir ki, suvenir düzəltməyi atasından öyrənib: "Bu işlə, əsasən, atam məşğul olur. Öz sənəti deyil, sadəcə həvəskar olduğu üçün düzəldir. Müxtəlif əl işləri var. Bu işinə görə atam Heydər Əliyev Fondu və başqa təşkilatlar tərəfindən diplomlarla təltif edilib. Mən də ona baxıb öyrəndim. Marağım, həvəsim olub, baxaraq öyrənmişəm. İndiyədək müxtəlif əl işlər hazırlamışam. Atamın düzəltdiyi suvenirlər çoxdur, özü də çoxunu satmaq məqsədi ilə üçün düzəltməyib. İndi turistlərin gəlişi çoxalıb və bəzi suvenirlər satılır".

Müsahibimiz deyir ki, turistlərin istəyinə görə daha çox milli musiqi alətlərinin suvenirlərini hazırlayırlar: "Əsasən, kiçik milli musiqi alətləri düzəldirik. Turistlər bu suvenirlərə daha çox maraq göstərdiklərinə görə biz də onlara üstünlük veririk. Tar, kamança, dəf, saz, Qız qalası, Alov qüllələri və kiçik gəmilərin suvenirlərini düzəldirik. Böyük gəmi suvenirləri də düzəldirik, lakin onlar elə də satılmır. Yəni qiymət baxımından kiçik suvenirlərə üstünlük verilir".

Bu işin həm çox səbir, həm də vaxt tələb etdiyini deyən Samir bu suvenirləri, əsasən, qoz, şabalıd və şaftalı ağaclarından düzəltdiklərini qeyd edir: "Mənim üçün hər bir ağacın öz gözəlliyi var. Hər bir ağacdan hazırlanan əşya gözəl görünə bilər, təbii ki, yaxşı emal edilsə".

O, digər ağaclara nisbətən küknar ağacından hazırlanan əl işlərinin nisbətən daha tez başa gəldiyini də əlavə edir: "Çünki küknarı daha tez formaya salmaq olur. Şabalıd və qoz ağaclarından düzəldilən suvenirlər az emal olunsa da, çox gözəl görünürlər".

Samir bu işdə boyadan qəti istifadə etmədyini də vurğulayır: "Məndə olan taxta xammalları çox yaxşıdır. Ona görə də düzlətdiyim suvenirlərə rəng vurulsa, iş keyfiyyətsiz olacaq, öz təbii gözəlliyini itirəcəklər. Bizim işdə rəngə ehtiyac yoxdur. Yalnız dolğu və taxta lakı lazımdır. Bəzi suvenirlərimiz də var ki, onlara nə dolğu vururuq, nə də lak. Sadəcə yonub emal edirəm, vəssalam".

"Suvenirlərin rənginə gəldikdə isə, burda həm açıq, həm də tünd rəngdə suvenirlər var. Taxtanın açıq və ya tünd rəngi həm ağacın yaşından həm də ağacın orta və ya qabığına yaxın hissəsindən olmasını bildirir. Tünd rəngli suvenirlər bir az yaşlı və ağacın orta hissəsindən, açıq rənglilər isə nisbətən cavan ağaclardan və ağacın qabığına yaxın hissəsindən hazırlanır" — deyə o bildirir.

© Sputnik / Rahim MuradovHəbibov Samirin taxtadan hazırladığı suvenirlər
Həbibov Samirin taxtadan hazırladığı suvenirlər - Sputnik Azərbaycan
Həbibov Samirin taxtadan hazırladığı suvenirlər

İstifadə etdiyi alətlərə gəlincə isə, Samir Həbibov onların bəzilərini özünün düzəltdiyini deyir: "Bazarda, ya da digər mağazalarda lazım olan alətlər satılmır deyə, müəyyən bıçaqlar, iskənələri, yəni oyma işlərini görmək üçün alətləri özüm düzəltmişəm. Baxıram, hansı daha rahatdırsa, onu özüm düzəldirəm".

"Sifariş o qədər də olmur. Suvenirlərin çoxunu sifarişdən kənar düzəldirik. Sonra suvenir satılan yerlərə veririk və satılır. Əsasən, Bakıda satılır. Müəyyən suvenirləri isə ASAN xidmətin nəzdində yaradılan ABAD-a satırıq. Daha doğrusu, onlarla müqaviləmiz var və düzəldib veririk, onlar da satırlar", — Samir əlavə edir.

Həvəskar usta gördüyü işlərin qiymətini də gizlətmir: "Qiymətlər gördüyümüz işdən asılıdır. Bir tar və ya saz 19 manata, muğam cütlüyü, yəni tar-kamança 30 manata, Qız Qalası 14 manata və s. Ağır zəhmət tələb edən suvenirlərimiz bir az baha olur. Gəmilər 2 aya başa gəlir, qiyməti isə böyükləri 1000, kiçikləri 500 manata satırıq. Yəni ki, həm də ölçülərinə görə qiymətləri dəyişir".

Müsahibimiz sonda bu işdə qarşılaşdıqları problemlərdən də danışır: "Suvenirləri tez düzəltmək üçün detalların əldə edilməsində çətinlik çəkirik. Detalları gec əldə edirik və iş də buna görə gecikir. İşimizin digər çətinliyi isə maliyyə məsələsidir. Çünki belə suvenirlər çətin satılır, əgər satışı yaxşı olarsa, yaxşı da qazancı olar.

Xəbər lenti
0