BAKI, 17 fevral — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin ölkə sərhədlərini terrorçulardan təmizləmək məqsədilə Suriyanın şimalına başlatdığı hərbi əməliyyata etiraz etmək istəyən PKK tərəfdarlarına İran hökuməti icazə verməyib. PKK terror təşkilatının İrandakı siyasi qolu olaraq bilinən PJAK üzvləri paytaxt Tehranda Türkiyə əleyhinə mitinq keçirmək istəsə də, polis onlara imkan tanımayıb. Tehran şəhər prokurorluğu, mitinqlə bağlı müraciəti rədd edib.
Sputnik Azərbaycan "Timeturk"ə istinadən xəbər verir ki, İraqın şimalındakı kürd muxtariyyəti də PKK tərəfdarlarının Türkiyə əleyhinə aksiyasına icazə verməyib.
Qeyd edək ki, TSQ və Azad Suriya Ordusunun Afrin bölgəsində başlatdığı "Zeytun budağı" əməliyyatı uğurla davam edir. Yanvarın 20-dən indiyədək davam edən əməliyyat zamanı 1595 terrorçu zərərsizləşdirilib. Son məlumata görə 65 yaşayış məntəqəsi və strateji yüksəkliklər PYD terrorçularından azad edilib.