BAKI, 16 fevral — Sputnik. Bayıl yamacındakı sürüşmə sahəsində yaranan ekstremal vəziyyətlə əlaqədar əhalinin mənafeyi nəzərə alınaraq, baş nazir Artur Rasizadə fevralın 13-də sakinlərə kirayə pulunun verilməsi barədə sərəncam imzalayıb. Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli məlumat verib.
O qeyd edib ki, sərəncama əsasən, ərazidən köçürülən 98 ailəyə ilkin olaraq müvəqqəti aylıq kirayə haqqı ödəniləcək: "Kirayə haqqı ərazidən köçürülən hər bir ailənin ailə tərkibi nəzərə alınmaqla ödəniləcək".
"Bayıl sürüşmə sahəsində tədqiqatlar başa çatanadək və tədqiqatların nəticələrinə əsasən, hökumətin yekun qərarı verilənə qədər ailələrin mənafeyi nəzərə alınaraq, baş nazir belə bir sərəncam imzalayıb. Kirayə pulu hər bir ailə üçün bank hesabına köçürüləcək. Sərəncamın icrası Səbail Rayon İcra Hakimiyyətinə tapşırılıb", — Akif Əli bildirib.