BAKI, 15 fevral — Sputnik. ABŞ-ın Kaliforniya Universitetinin alimləri xərçəng hüceyrələrini öldürən genetik modifikasiya olunmuş virus yaradıblar. Bu virus, həmçinin şişlərə qarşı immun reaksiyasını da stimullaşdırır.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə “MedicalXpess”-in press-relizində qeyd edilib.
Pexa-Vec adlandırılan onkolotik virus vaksiniya virusunun dəyişdirilmiş versiyasıdır. Ona immun hüceyrələrin böyüməsini stimullaşdıran kiçik peptid molekulunu kodlaşdıran gen əlavə edilib.
Bununla yanaşı, timidinkinaz geni virusdan çıxarılıb, nəticədə infeksiya agenti yalnız xüsusi genlər olan RAS və p53-də mutasiyalar səbəbindən kinazın səviyyəsinin yüksək olduğu xərçəng hüceyrələrində çoxalmağa qadirdir.
Məlum olub ki, Pexa-Vec bədxassəli şişləri qidalandıran qan damarlarının böyüməsini məhdudlaşdırır.
Bu vaksini digər onkolitik viruslar kimi birbaşa şiş orqanına deyil, vena daxilinə yeritmək lazımdır. Bu, modifikasiya olunmuş agentə təkcə xərçəngin ilkin formasına deyil, həm də digər orqanlara keçmiş metastazlara da hücum etmək imkanı verir.
Pexa-Vec mədəaltı vəzin neyroendokrin xərçəngindən əziyyət çəkən siçanlar üzərində sınaqdan keçirilib. Məlum olub ki, virus sağlam orqanizmi zədələmir, amma xəstə qan damarlarını zədələyir.
Baxmayaraq ki, infeksiya agenti bədxassəli şişlərin yalnız bir hissəsini məhv edib, amma məhz onun verdiyi immun reaksiya şişlərin yox olmasına səbəb olub.