Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan
BAKI, 15 fevral — Sputnik. H 009-703 dövlət nömrə nişanlı "Jeep" markalı avtomobil Sabirabad rayonunun Həşimxanlı kəndində suya düşüb. Nəticədə avtomobilin sürücüsü, 1985-ci il təvəllüdlü Mirzəyev Anar Ramiz oğlu ölüb.
Bu barədə Sputnik Azərbaycan-a Sabirabad rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.
Hadisə fevralın 14-dən 15-nə keçən gecə baş verib. Məlumata görə, Anar Mirzəyev iki əmioğlusu ilə birlikdə gecə yarısı su kanalının kollektoruna balıq tutmağa gedib. Amma avtomobili parklayarkən ehtiyatsızlıq etdiyindən maşın kollektora yuvarlanıb. Mirzəyevin qohumları maşından çıxmağa müvəffəq olublar. Sükan arxasında olan Mirzəyev isə ağır çəkili olduğundan kilidlənmiş qapının pəncərəsindən çıxa bilməyib. Nəticədə suda boğularaq ölüb.
Bu gün Mirzəyevin cəsədi sudan çıxarılıb.
Bir sıra məlumatlara görə, Mirzəyev əvvəllər “Lider Cola” şirkətinin Bakı nümayəndəliyinin rəhbəri olub.
Faktla bağlı araşdırma aparılır.