BAKI, 14 fevral — Sputnik. Prezident İlham Əliyev fevralın 14-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin, eləcə də Füzuli rayonunun Mirzənağılı və Qazaxlar kəndlərinin, ümumilikdə, 680 hektar əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün həyata keçirilən tikinti işlərini başa çatdırmaq məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.47.13-cü yarımbəndində göstərilmiş məbləğin 700 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Sərəncamda qeyd olunur ki, 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində erməni işğalından azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılıb, fərdi yaşayış evləri, ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib və artıq 172 nəfərdən ibarət 45 ailə öz doğma yurduna qayıdıb. Hazırda 100 fərdi yaşayış evinin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin, eləcə də əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün nasos stansiyasının və suvarma boru kəmərlərinin tikintisi davam etdirilir.