BAKI, 14 fevral — Sputnik. Məşhur azərbaycanlı fotoqraf, stilist və müğənni Aslan Əhmədov Rusiyanın Birinci kanalında gedən "Pust qovoryat" (Qoy danışsınlar) verlişində SSRİ Xalq artisti Lyudmila Qurçenko haqqında xatirələrini bölüşüb və tamaşaçıları ruhların köçürülməsi mövzusu ilə heyrətləndirib.
Sputnik Azərbaycan-ın məlumatına görə, öz "Facebook" səhifəsində Əhmədov sözügedən şounun videoyazısını paylaşıb.
Stilist aktrisa haqqında naməlum faktları açıqlayaraq deyib ki, o, heç vaxt ona böyük uğur gətirən "Karnaval gecəsi" filmini sevməyib və öz dəfni üçün imicini əvvəlcədən hazırlayıb.
Bütün bunlarla yanaşı Əhmədov şouya müğənninin son aylarındakı həyatını əks etdirən videosunu təqdim edib. Məlum olub ki, Qurçenkonun maşınında keçirdiyi hər dəqiqə videoregistrator tərəfindən qeydə alınıb.
Əhmədovun sözlərinə görə, efirə qədər bu videoyazıları heç kəs görməyib. O özü isə bu çarxın mövcudluğundan təsadüfən xəbər tutub.
"Lüsyanın vəfatından sonra mənim həyatımda mistik şeylər baş verməyə başladı. Misal üçün, onun ölümünün 40-cı günü mən öz həyat yoldaşımla tanış oldum. Hesab edirəm ki, Lüsya bizi qəsdən bir araya gətirdi ki, dünyaya yenidən gəlsin. Lakin bu dəfə o, oğlan qiyafəsində dünyaya gəldi — mənim oğlum doğuldu", — deyə Əhmədov bildirib.
Aslan Əhmədov Bakıda doğulub böyüyüb, sonra Moskvaya işləməyə gedib. O, ictimaiyyətə uzun müddət Lüdmila Qurçenkonun xidmətində dayanmış vizajist kimi tanışdır.
Stilist populyar rusiyalı aktrisanı bütün çıxışlara hazırlayırmış. Onun sözlərinə görə, Qurçenkonun ölüm makiyajı da ona aiddir. Çünki müğənni deyib ki, son yolçuluğunda onun makiyajını məhz Əhmədov etsin.
Əhmədov Rusiyanın "Qolos" (Səs) musiqi layihəsinin də iştirakçısı olub. Hazırda bir çox Rusiya ulduzları üçün klip və fotosessiyalar çəkir.
Əhmədov Ukrayna estradasının 45 yaşlı primadonnası İrina Bilıkla evlidir və müğənni ona Təbriz adlı oğlan doğub.