Leyla Abdullayeva-Sputnik Azərbaycan
BAKI, 13 fevral — Sputnik. Xudat şəhər sakini öz bacısının rəfiqəsinə hamamda təcavüz etmək istəyib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə fevral ayının 6-sı gecə saatlarında, Xudat şəhərindəki fərdi həyət evlərinin birində baş verib.
Adı gizli saxlanılan 25 yaşlı gənc qız hamamda çimərkən 27 yaşlı Tural Vaqif oğlu Şükürov sərxoş halda hamama daxil olub və hamamda çimən gənc qızı zorlamaq istəyib. Qızın haray-həşir salması, çığırıb evdəkiləri köməyə çağırması oğlanın öz çirkin əməlini həyata keçirməsinə imkan verməyib.
Dərhal çılpaq qızın köməyinə gələn ailə üzvləri və qızın özü hamamdan çıxıb qaçan adamı tanıyıblar. Ailə həmin şəxsi yaxalayaraq polis əməkdaşlarına xəbər veriblər. T.Şükürov tutularaq istintaqa cəlb olunub.
Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,149.1 (zorlamaya cəhd) maddəsi ilə açılmış cinayət işinin istintaqı zamanı Tural Şükürov törətmək istədiyi əməli etiraf edib. Zorlamaq istədiyi qızın bacısının rəfiqəsi olduğunu, ondan xoşu gəldiyi üçün bu əmələ əl atdığını söyləyib.
Artıq təqsirləndirilən şəxs qismində Şükürovun barəsində həbs qəti-imkan tədbiri seçilib. Xaçmaz Rayon Prokurorluğundan Sputnik Azərbaycan-ın bölgə müxbirinə fakt təsdiqlənib və başlanılan cinayət işinin istintaqının davam etdiyi bildirilib.