BAKI, 13 fevral — Sputnik. Türkiyənin tanınmış aktyoru Kadir İnanırın xəstəxanada reanimasiya şöbəsinə yerləşdirilməsi ilə bağlı xəbər vermişdik. Sputnik Azərbaycan "Milliyet"ə istinadən xəbər verir ki, həkimlər onun səhhətinin yerində olduğunu, həyati təhlükəsi olmadığını bildiriblər. Aktyoru xəstəxanada ziyarət edən yaxınları onun səhhəti ilə bağlı jurnalistlərə açıqlama veriblər. K.İnanırın qardaşı oğlu Levent İnanırın media təmsilçilərinə dedikləri isə kövrək anlar yaşadıb.
"Əmimi görmək üçün otağına girdim. Salamlaşandan sonra "bu gün şəhid varmı?" deyə mənə sual verdi. O, vətən məsələsində çox həssas insandır", — Levent İnanır deyib.
Rol aldığı filmlərlə 1970-80-ci illərə damğasını vuran Kadir İnanır 1949-cu ildə Türkiyənin Ordu vilayətində dünyaya göz açıb. Onun ən məşhur filmləri arasında "Səlvi Boylum Al Yazmalım", "Tatar Ramazan", "Sən Türkülərini Söylə", "Savaşımız", "Əlvida Katya" və s. adını çəkmək olar.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri yanvarın 20-dən etibarən Suriyanın şimalında ABŞ-ın silahlı dəstək verdiyi PYD terrorçularına qarşı hərbi əməliyyat aparır.