BAKI, 13 fevral — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi ilk oxunuşda qəbul edilib.
Sputnik Azərbaycan xəbər verir ki, qanun Azad Zonanın fəaliyyətinin, inkişafının və idarə edilməsinin hüquqi rejimini müəyyən edir.
Azad Zonanı müvafiq icra hakimiyyəti orqanı yaradır və orada azad zona qanunvericiliyi tətbiq edilir. Bu qanunvericiliklə əsas iqtisadi qanunvericiliyi arasında ziddiyyət yaranarsa, azad zona qanunvericiliyi üstün tutulur.
Azad Zonada hüquqi şəxslərin nizamnamə kapitalının və investisiya qoyuluşunun 100%-nin xarici hüquqi və fiziki şəxslərə məxsus olmasına məhdudiyyət qoyulmur.
Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri, Azad Zona hüquqi şəxsləri və onların işçiləri, Azad Zona rezidentləri azad zonada fəaliyyətlərinə aid olan bütün vergilərdən azaddırlar.
Layihəyə əsasən Ələt azad iqtisadi zonasında Biznes Xidmətləri Mərkəzi yaradılacaq. Mərkəz Azad zonada bütün lisenziyaların, icazələrin, vizaların, təsdiqlərin və digər rəsmi sənədlərin verilməsinə məsul olacaq və "bir pəncərə" qaydasında işləyəcək.
Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul olunub.