Rahim Zakiroğlu, Spuntik Azərbaycan
BAKI, 12 fevral — Sputnik. Lənkəran rayonunun Əşlə kəndi ərazisində Vazaru çayı üzərində quraşdırılmış körpü bu gün istifadəyə verilib.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin bildirdiyinə əsasən, körpünün açılışında kənd sakinləri və rayon rəhbərliyi iştirak ediblər. Qırmızı lenti kəsdikdən sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və kənd sakinləri yeni tikilən körpüyə baxış keçiriblər.
Sözügedən körpü Əşlə və Rvo kəndlərini birləşdirir və ötən il oktyabr ayında yağan leysan yağışları nəticəsində Vazaru çayının daşması səbəbindən uçmuşdu. Nəticədə Əşlə kəndi ilə rayon arasında əlaqə kəsilmişdi. Sakinlər alternativ yol kimi qonşu Siyablı kəndindən keçməklə istifadə edirdilər. Körpünün olmamasından ən çox məktəblilər əziyyət çəkirdilər. Belə ki, onlar məktəbə getmək üçün 6 km uzaqlıqda yol qət etməli olurdular.
Yeni tikilən körpünün uzunluğu 40, eni isə 4,5 metrdir. Dəmir-beton konstruksiyalı yeni tikilən körpünün yükgötürmə qabiliyyəti 50 tondur və mühəndis-texniki işləri qurularkən bütün kriteriyalar nəzərə alınıb. Məlumat üçün bildirək ki, Əşlə kəndində 500-ə yaxın əhali yaşayır.