BAKI, 11 fevral — Sputnik. "Rostex"in baş direktoru Serqey Çemezov Rusiyanın S-400 raketlərini ABŞ-a belə sata biləcəklərini bildirib. Sputnik Azərbaycan-ın məlumatına görə, o, bu barədə "Washington Post"a müsahibəsində bildirib.
Qəzetin jurnalisti Moskvanın S-400 raketlərini NATO-nun üzvü olan Türkiyəyə satmaq qərarı ilə bağlı sual verib. "Rostex" rəhbəri cavabında qeyd edib ki, bu raketlər heç bir ölkənin təhlükəsizliyinə hədə deyil.
"S-400 hücum deyil, müdafiə sistemidir. Əgər istəsələr, biz onu amerikalılara da sata bilərik. Strategiya baxımından burada problem yoxdur. Təhlükəsizlik baxımından Rusiyaya da problem görmürəm. Əgər ölkə öz hava məkanını qoruya bilsə, özünü daha rahat hiss edəcək" — deyə Çemezov vurğulayıb.
Bu zaman o, qeyd edib ki, komplekslərin unikal xarakteri var və bir çox ölkələr arsenalında belə silah görmək istəyərdilər.
Xatırladaq ki, S-400-ün Türkiyəyə satışı barədə razılaşma 2017-ci il dekabrın 29-da imzalanıb. Sistemə yerli personal qulluq edəcək. S-400 30 kilometr hündürlük və 400 kilometr radiusda aviasiya, qanadlı və ballistik raketlərin məhv edilməsi üçün nəzərdə tutulub.