BAKI, 10 fevral — Sputnik. "TV kanallarımızda siqaret tüstülətmə səhnələrinə hələ də rast gəlinir. Ola bilsin ki, bəzi TV rəhbərləri belə səhnələrin göstərilməsinin 40 gündən artıqdır ki, qadağan olunduğunu hələ də bilmir, yaxud xüsusi tapşırıq gözləyir. Ona görə də bu məsələyə toxundum". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov öz facebook səhifəsində yazıb.
Hüquqşünas bildirib ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanun 40 gündən artıqdır ki, qüvvədədir. Və bu Qanunda dəqiq və aydın qadağa var.
"14.1. Tütün məmulatına tələbatın azaldılması məqsədi ilə tütün məmulatlarının satışının və onlardan istifadənin reklamı və stimullaşdırılması ilə bağlı aşağıdakılar qadağan edilir:
14.1.4. televiziya və videofilmlərdə,… televiziya, video və kinoxronika proqramlarında… tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsi ilə açıq yayımlanması".
Ərşad Hüseynov qeyd edib ki, qanuna əməl etməyin vaxtı çatıb: "Efirdə siqaret tüstüləmə görüntüləri olmamalıdır. Müxtəlif səhnələrdə həmin görüntüləri "bağlamaq" çətin deyil. Məncə, MTRŞ da bu işə qarışsa, yaxşı olar".