BAKI, 9 fevral — Sputnik. "Bu gün incəsənət aləminə ağır itki üz verib. Sözün həqiqi mənasında çox böyük sənətkar, çox məsuliyyətli və çətin obrazlara imza atan, mənim çox yaxın sənət dostum, Respublikanın Xalq artisti Zərnigar xanım Ağakişiyeva dünyasını dəyişib".
Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri öz "Instagram" səhifəsində Xalq artisti, aktrisa Məleykə Əsədova yazıb. "Bu sözləri göz yaşı ilə yazıram, çünki sənətdə onunla bir səhnədə, bir çox tamaşalarda tərəf müqabili olmuşam" — deyə Əsədova qeyd edib.
Daha sonra Xalq artisti hisslərini belə ifadə edib: "Bununla belə, illərlə bir qrim otağında yoldaşılıq etmişik. Ən əsas da həyatda ana-bala münasibətlərində olmuşuq. Axır vaxtlar telefonlara cavab vermirdi, evində gedəndə də qapını açmırdı. Telefonda sonuncu danışığımızda dedi ki, "tək qalmaq istəyirəm". Gedib şəhəri gəzir, gəlib televizora baxırdı. Belə rahat hiss edirdi özünü. Dəfələrlə danışığımız olub, demişəm ki, "Zara, sən tək özünə deyil, Azərbaycan səhnəsinə də lazımsan. Tamaşaçılar səni görmək istəyir".
"Zərnigar xanım — mənim çox gözəl ürək dostum, anam, bacım, xalqımın aktrisası, səhnə və mən sizin üçün çox darıxacağıq. Qəlbimdə danışdığımız, güldüyümüz, ağladığımız, kədərləndiyimiz günlər həmişə qalacaq. Siz unudulmayacaqsınız. Sənətkarın nə yaşı, nə ömrü olur. Sənətkar həmişəyaşardır. Allah rəhmət eləsin, ruhun şad olsun" — deyə aktrisa əlavə edib.
Xatırladaq ki, Xalq artisti Zərnigar Ağakişiyeva dünən gecə saatlarında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri tərəfindən mənzilində ölü tapılıb.