Rahim Zakiroğlu, Spunik Azərbaycan
BAKI, 9 fevral — Sputnik. Astara rayonunda ağır avtomobil qəzası baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Şahağacı kəndi ərazisində qeydə alınıb. Belə ki, 07-BX-107 dövlət nömrə nişanlı "Mitsubishi Outlander" markalı minik avtomobili hərəkətdə olarkən qəfildən qarşısına uşaq çıxıb. Sürücü avtomobili uşağı vurmamaq üçün kənara çəksə də, maşın sürüşərək yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində avtomobildə olan 2000-ci il təvəllüdlü Rüstəmov Sahil Sədaqət oğlu və onunla eyni yaşda olan Cabbarov Ağamoğlan Fikrət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanların hər ikisi Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Lakin Rüstəmov Sahilin xəsarətləri daha ağır olduğundan xəstəxanada dünyasını dəyişib.
Cabbarov Fikrətin isə vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Mərhum S.Rüstəmovun meyiti isə müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.
Sputnik Azərbaycan-a o da bildirilib ki, Sahil Rüstəmov paytaxtda fəaliyyət göstərən universitetlərdən birinin tələbəsi və evin tək övladı olub. Baş verən hadisə ilə bağlı araşdırmalar davam etdirilir.