BAKI, 8 fevral — Sputnik. Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən VI qurultayında növbədənkənar prezident seçkilərində prezidentliyə namizədi seçilib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, YAP-ın qurultayı 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib.
Xatırladaq ki, prezident İlham Əliyev növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam verib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alıram:
Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin".