BAKI, 8 fevral — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Fransanın "Thales International" şirkətinin birinci vitse-prezidenti Rafael Eskinazini qəbul edib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, "Thales International" şirkətinin birinci vitse-prezidenti Rafael Eskinazi təmsil etdiyi təşkilatın AZAL ilə uzun illər səmərəli əməkdaşlıq etdiyini vurğulayıb və Azərbaycanla bu əməkdaşlığı gələcəkdə də davamlı həyata keçirmək niyyətində olduqlarını qeyd edib.
Rafael Eskinazi "Thales International" şirkətinin dünyada ilk pilot layihəsi olan Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın hava məkanından istifadə, strategiya və inkişaf üzrə səmərəlilik mərkəzinin açılış mərasiminin bu gün keçirildiyini məmnunluqla vurğulayıb.
Dövlətimizin başçısı "Thales International" şirkətinin Azərbaycanla əməkdaşlığından məmnunluğunu ifadə edərək şirkətin bu günədək ölkəmizdə həyata keçirdiyi layihələrin önəmini qeyd edib və bundan sonra da uğurlu əməkdaşlıq aparılacağına ümidvar olduğunu bildirib.
Söhbət zamanı AZAL ilə "Thales International" arasında bu şirkətin məhsullarının istehsalı ilə bağlı Azərbaycanda birgə müəssisənin yaradılması ətrafında fikir mübadiləsi aparılıb.