BAKI, 6 fevral — Sputnik. Bu gün Bakının Nərimanov rayonunda, Keşlə qəsəbəsində yerləşən Qara Metal Zavodunda başlayan yanğın söndürülüb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda dəmir tullantılarının qəbulu məntəqəsinin ərazisində məişət tullantıları və rezin qalıqları (şinlər) yanır. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerinə yollanıb və qısa zamanda yanğın söndürülüb.
Ərazidə yaşayan sakinlər də yanğının söndürüldüyünü təsdiqləyiblər. Onların sözlərinə görə, yanğın zavodda deyil, zavodun yaxınlığındakı məişət tullantıları atılan ərazidə baş verib. Yanğının ehtiyatsızlıq üzündən baş verdiyi deyilir.